QARABAĞDA İLK REGİONAL RADİO KANALI – “CBC FM” YAYIMA BAŞLAYIB

Bu gün Müzəffər Azərbaycan ordusunun azad etdiyi tarixi torpaqlarımız olan Qarabağda ilk regional radio kanalı – “CBC FM” yayıma başlayıb. Bu gündən səsimiz hər gün fasiləsiz olaraq, əzəli Azərbaycan torpaqları – Qarabağda eşidiləcək. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələrinin mehribanlıq, sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını nəzərə alaraq, 102.7 MHs işçi tezliyində yayımlanacaq “CBC FM”-də gün ərzində hər saatın əvvəli Azərbaycan, rus və erməni dillərində xəbər buraxılışları təqdim ediləcək. Radio kanalında Azərbaycan haqqında verilişlər, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, milli-mənəvi dəyərlərimizi tərənnüm edən faydalı layihələr və paralel olaraq, CBC telekanalının proqramları da yayımlanacaq. Dinləyicilərin asudə vaxtlarının səmərəli təşkili üçün radio kanalında musiqi və audiokitablar təqdim olunacaq. “CBC FM”-də yayımlanan verilişləri internet üzərindən izləmək də mümkündür. Bir sözlə, 30 ilə yaxın müddətdir gözləri əsl sahibini arayan Qarabağı, bundan sonra hər sabah, hər axşam birlikdə Salamlayacağıq!
«Caspian International Broadcoasting Company» MMC-nin baş direktoru Vüqar Xəlilov “CBC FM”-in fəaliyyətə başlaması ilə bağlı məlumat verib: “Qarabağın ilk regional radio kanalı olmaqdan qürur duyuruq. Bu tarixi missiyanın bizə həvalə edilməsi məsuliyyətimizi birə beş artırır. Ümid edirik ki, operativ və dəqiq xəbərlərlə, maarifləndirici verilişlərlə və zövqlü musiqi ilə hər bir dinləyicimizin ürəyinə yol tapacağıq”. Vüqar Xəlilov radio kanalının qarşısında duran məqsədlərdən və vəzifələrdən danışıb: “Dinləyicilərin rəğbətini qazanmaq üçün daima zamanla ayaqlaşmaq lazımdır. Eyni zamanda, unutmamalıyıq ki, əsas məqsədimiz Azərbaycan haqqında məlumatların çatdırılmasıdır. Heç kəsə sirr deyil ki, Azərbaycan – müxtəlif millətlər və dini icma nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı multikultural ölkədir. Bunu da hər kəsin nəzərinə çatdırmaq və göstərmək lazımdır”.
Xatırladaq ki, 7 aprel 2021-ci il tarixində Milli Televiziya və Radio Şurası «Caspian International Broadcoasting Company» MMC-ni Qarabağda yeni regional radio kanalının açılması üçün elan etdiyi müsabiqənin qalibi seçib. 29 dekabr 2020-ci il tarixində isə Milli Televiziya və Radio Şurası Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq, CBC televiziya kanalına Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.
Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC telekanalı ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında tamaşaçılara əhatəli proqramlar təqdim edir. 24 saat fəaliyyət göstərən telekanalın yayım sahəsi Rusiyanın Avropa hissəsindən Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.
CBC telekanalının yaradıcı və texniki potensialı müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsəd hər bir tamaşaçıya şəxsi fikrini formalaşdırmaq üçün operativ və keyfiyyətli materiallar təqdim etməkdir.