“VEÇERNİ MURMANSK”: AZƏRBAYCAN MƏDƏNİ MUXTARİYYƏTİ MURMANSKDA QONAQPƏRVƏRLİYİ İLƏ SEÇİLİR

Rusiyanın Murmansk şəhər administrasiyasının təsisçisi olduğu “Veçerni Murmansk” qəzetinin saytında “Planetin yuxarısında qardaş birliyi” sərlövhəli məqalə dərc olunub.

Qəzetin müxbiri Anjelika Kovalyova öz məqaləsində Azərbaycan mədəni muxtariyyətinin Murmanskda qonaqpərvərliyi ilə seçildiyini yazıb. O qeyd edib: “Bu muxtariyyət “Azərbaycan” Mədəniyyət Mərkəzi” vilayət ictimai təşkilatının tərkibində fəaliyyət göstərir. Özünün Ağsaqqallar şurası olan bu qurum vilayətdə ən çoxsaylı və yeganədir. Şura həm mühüm məsələləri (məsələn, seçkilərdə kimin namizədliyini dəstəkləmək barədə), həm də milli bayramların keçirilməsi, ümumşəhər tədbirlərində iştirak, Mədəniyyət mərkəzi üçün yeni binanın alınması və ya ümumi davranış qaydalarına riayət olunması kimi gündəlik problemləri həll etmək məqsədilə ayda bir dəfə toplaşır”.

Məqalənin müəllifi qeyd edir ki, şəhərin həyatında hər hansı kataklizmlər baş verdiyi təqdirdə Murmansk milliyyətlər birliyi dərhal özünün dost əlini uzadır. Bu yaxınlarda baş verən pandemiya dövründə də belə olub. “Karantin rejiminin başlandığı və koronavirus infeksiyasına yoluxma hallarının artdığı vaxt vəziyyət çox ağır idi və Murmansk azərbaycanlıları və özbəklər ahıl şəhər sakinlərinə ərzaq çatdırılması il məşğul olan könüllülər üçün plov bişirirdilər. “Azərbaycan və özbək milli muxtariyyətləri “Qırmızı zona”da çalışan həkimlərin mağazalara getmək üçün vaxt, güc və maddi vəsait sərf etməməsi üçün isə xəstəxanalara içərisində meyvə, tərəvəz, yağ olan pulsuz ərzaq qutuları gətirirdilər”, -deyə məqalədə qeyd olunub.