QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR ÜZRƏ KREDİT QOYULUŞLARI ARTIB

Bu ilin mayın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 566,483 milyon manat təşkil edib.

Bu barədə Mərkəzi Bank məlumat  yayıb.

Məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 37,9 milyon manat və ya 7,2%, ötən ilin eyni dövrünə nisbətən isə 75,3 milyon manat və ya 15,3% çoxdur.

Hesabat dövründə sözügedən region üzrə kredit qoyuluşlarının orta faiz dərəcəsi 19,85%-ə bərabər olub.

Dövr ərzində regiona qoyulmuş kreditlərin 566,142 milyon manatı milli valyutada, 341 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, bu ilin mqyın 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə isə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 8,5 milyon manat və ya 34,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 22,1 milyon manat və ya 3 dəfə artaraq 32,983 milyon manata bərabər olub.

Hesabat dövründə bu göstərici üzrə orta faiz dərəcəsi 13,40% təşkil edib.

Sözügedən dövr ərzində regiona qoyulmuş kreditlərin 24,296 milyon manatı milli valyutada, 8,687 milyon manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Beləliklə, dövr ərzində Qarabağ və Şəqi Zəngəzur iqtisadi rayonları üzrə cəmi kredit qoyuluşlarının həcmi 599,5 milyon manata çatıb.

Qeyd edək ki, 2026-cı ilin mayın 1-nə Azərbaycanın cəmi regionları üzrə kredit qoyuluşlarının həcmi 30,609 milyard manata bərabər olub. Bu göstərici əvvəlki ayla müqayisədə 318,9 milyon manat və ya 1%, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,5 milyard manat və ya 8,9% çoxdur.