VƏTƏNDAŞLARIN DÖVLƏT ORQANLARINA MÜRACİƏTİ İLƏ BAĞLI YENİ QAYDALAR QƏBUL EDİLƏCƏK

Vətəndaşların müraciətlərinin qəbulu, qeydiyyatı, onlara baxılması, vətəndaş qəbulu prosedurlarının elektronlaşdırılma prosesinin təkmilləşdiriləcək.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında keçirilən bugünkü iclasında müzakirə olunan “Vətəndaşların müraciətləri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, vətəndaşların yazılı müraciətlərində aşağıdakılar da göstəriləcək: müraciət edən şəxsin müraciətin cavablandırılması üsuluna dair seçimi (elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə); müraciətin (EHİS üzərindən təqdim olunmuş müraciətlər istisna olmaqla) EHİS üzərindən cavablandırılması istənildiyi halda müraciət edən fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN), hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN); müraciətin elektron ünvan vasitəsilə cavablandırılması istənildiyi halda cavabın göndəriləcəyi elektron ünvan.

Elektron müraciət həmin müraciətə baxan subyektin rəsmi internet informasiya ehtiyatına daxil ediləcək, həmin subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndəriləcək, yaxud EHİS üzərindən təqdim olunacaq. Elektron müraciətlərə müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi tərəfindən müraciət edən şəxsin seçimi əsasında elektron və ya poçt ünvanı, yaxud EHİS vasitəsilə yazılı cavab verilməklə baxılacaq.