
2025-ci il ərzində iqtisadiyyatın nağd pula tələbatı tam həcmdə, adekvat strukturda və vaxtında ödənilmiş, pul nişanları üzrə zəruri ehtiyatlar yaradılıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) illik hesabatına əsasən, 2025-ci ildə Mərkəzi Banka dövriyyədən 4.5 milyard manat pul nişanı mədaxil edilib, 6.6 milyard manat pul nişanı isə məxaric olunub.
Məlumata görə, tədavüldə nağd pul kütləsi ilin əvvəli ilə müqayisədə 12.1% (2.1 milyon manat) artaraq ilin sonuna 19.6 milyard manat təşkil edib.
“2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7.1 milyard manat təşkil edir ki, bu da iqtisadiyyatın 2026-cı ilin sonunadək tələbatının ümumilikdə ödənilməsi üçün yetərlidir. Pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin təşkili və hüquq mühafizə orqanları ilə koordinasiya diqqət mərkəzində saxlanılıb.
Hesabat ilində milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı, xarici valyutada isə 550 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib. Əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirmişdir. 2025-ci il ərzində əhalidən 2.63 milyon manat (43.6 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.
Bütövlükdə Mərkəzi Bank tərəfindən ölkə iqtisadiyyatının ayrı-ayrı nominallar üzrə nağd pula olan tələbatının ödənilməsi, milli valyuta üzrə ehtiyatların optimal və təhlükəsiz idarə olunması, tədavülün yüksək keyfiyyətli pul nişanları ilə təmin edilməsi kimi prioritetlər diqqət mərkəzində saxlanılıb”, – məlumatda qeyd edilib.
