ULU ÖNDƏRİN 100 İLLİYİ MÜNASİBƏTİLƏ BUENOS-AYRESDƏ KONSERT TƏŞKİL EDİLİB

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Azərbaycanla Argentina arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü Argentinada qeyd olunub.

Azərbaycanın Argentinadakı səfirliyindən verilən məlumata görə, bu münasibətlə səfirlik tərəfindən həyata keçirilən silsilə tədbirlərin davamı olaraq paytaxt Buenos-Ayres şəhərində konsert tədbiri təşkil edilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dəstəyi ilə keçirilmiş tədbirdə Argentinanın dövlət və hökumət nümayəndələri, ictimai-siyasi xadimləri, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Argentinadakı səfiri Rəmzi Teymurov tədbirdə çıxış edərək müasir Azərbaycanın banisi Heydər Əliyevin həyatı və dövlətçilik ənənələrimizin formalaşdırılmasında əvəzsiz rolu barədə danışıb, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıdışı və onun rəhbərliyi ilə ölkəmizin üzləşdiyi siyasi və milli təhlükəsizlik çağırışlarından inamla çıxdığını vurğulayıb. Səfir ölkəmizin müstəqilliyinin təməlinin möhkəm qoyulması, milli ruh və azərbaycançılıq ideyasının formalaşması, dövlətimizin uğurlu xarici siyasətinin həyata keçirilməsi və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınması istiqamətində Ulu Öndərin müdrik siyasəti və iradəsinin rolu haqqında məlumat verib, təməlini qoyduğu inkişaf yolunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan-Argentina münasibətləri haqqında danışan R.Teymurov ölkələrimiz arasında dostluq əlaqələrindən və bu münasibətlərin siyasi, iqtisadi, mədəni və sair sahələrdə genişləndirilməsi üçün mövcud imkanlardan bəhs edib.

Sonra piano ifaçısı Səadət İsmayılovanın müşayiəti ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, dramatik tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun və Əməkdar artist Səbinə Əsədovanın ifalarında Azərbaycan bəstəkarlarının əsərləri yüksək məharətlə ifa edilib. Həmçinin Rəşad İbrahimov, Mirəli Seyidzadə və Təbriz Yusubovun ifalarında Azərbaycan milli musiqiləri səsləndirilib.

Azərbaycan musiqi xadimlərinin ifaları tədbirə dəvət olunmuş qonaqlar tərəfindən böyük məmnuniyyətlə qarşılanıb.

Tədbir Argentinanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.