TÜRKİYƏDƏ PREZİDENT SEÇKİLƏRİNİN İKİNCİ TURU KEÇİRİLƏCƏK

Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Bu barədə Türkiyə Ali Seçki Şurasının sədri Ahmet Yener deyib.

Türkiyədə prezident seçkilərində səslərin hesablanmasına görə, Rəcəb Tayyib Ərdoğan 49,50% səs, Kamal Kılıçdaroğlu 44,89%, Sinan Oğan 5,17%, Məhərrəm İncə isə 0,44% səs toplayıb.

İlk seçkidə ən çox səs toplayan iki namizəd mayın 28-də keçiriləcək ikinci səsvermədə mübarizə aparacaq.

Qeyd edək ki, ikinci tur namizədlərdən heç birinin 50 faizdən çox səs qazanmadığı halda baş verir. Bu halda seçicilər birinci turda səs verdikləri məntəqələrdə yenidən seçkiyə gedirlər. Seçkinin birinci turunda səs verməyən seçicilər ikinci turda öz səslərini verə biləcəklər.

Xatırladaq ki, ötən gün Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib. Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qurulub. Ölkə daxilində 60 milyon 697 min 843 seçici qeydə alınıb. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.