TÜRKİYƏ MEDİASI AZƏRBAYCAN ORDUSUNUN HƏRBİ TƏLİMLƏRİNİ GENİŞ İŞIQLANDIRIR

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiqlədiyi plana əsasən, mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılır.

Anadolu agentliyi, “Haber Global”, “TRT Haber”, “TRT Avaz”, “CNN Türk” telekanalları, “Sabah”, “Akşam”, ”Milliyyət”, “Yeni Şəfəq”, “Karar” və digər aparıcı qəzetlər təlimə 15 min nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının cəlb olunduğunu türkdilli ictimaiyyətin diqqətinə çatdırıb.

Bir neçə gündən bəri mövzu ilə bağlı anonslara geniş yer ayıran Türkiyə KİV-ləri, həmçinin Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliklərə qarşı tərəfin təxribatçı yanaşmasını da diqqətdə saxlayır.