“SƏRHƏD” HƏRBİ-İDMAN OYUNLARI BAŞA ÇATIB

Dövlət Sərhəd Xidmətinin (DSX) Xüsusi Məktəbində “Sərhəd” hərbi-idman oyunlarının başa çatması münasibəti ilə təntənəli tədbir keçirilib.

Xidmətin mətbuat mərkəzindən verilən məlumata görə, tədbirdə iştirak edən DSX-nin, Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin nümayəndələri qalib komandaları təbrik edərək, bu oyunların gənclərdə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə ərazi bütövlüyü və suverenliyi tam bərpa olunan Vətənə, ölkəmizin hər yerində qürurla dalğalanan şanlı Zəfər bayrağımıza, toxunulmaz sərhədlərimizə məhəbbət hissinin aşılanmasında, sərhədçi peşəsinə marağın artırılmasında mühüm rol oynadığını vurğulayıblar.

Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümünə həsr olunmuş və ümumilikdə üç mərhələdə keçirilmiş yarışlarda 38 rayondan 187 məktəbin 875 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 11 komanda aprelin 24-dən mayın 1-dək final mərhələsində mübarizələrini davam etdiriblər.

Komandalar “Sərhəd pozucusunun yaхalanması və onun təхliyyə edilməsi”, “Ləpirçilik”, “Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi”, “Maskalanma”, “Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması”, “Avtomatın sökülməsi və yığılması”, “Tüfəngdən hədəfə atəş açmaq” və “Sıra hazırlığı” üzrə öz bilik və bacarıqlarını sınaqdan keçiriblər.

Hərbi-idman oyununun keçirildiyi günlərdə məktəblilər sərhədçilərin xidməti və məişət şəraiti ilə tanış olub, onlar üçün bir sıra maraqlı ekskursiyalar təşkil edilib, çoxsaylı mədəni-kütləvi tədbirlər, bilik və idman yarışları keçirilib.

Final mərhələsinin yekunlarına görə Cəlilabad rayonunun “Ləkin” komandası birinci, Qusar rayonunun “Zeyxur” komandası ikinci, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun “Ümid” komandası isə üçüncü yeri tutub.

Qaliblərə kubok, medal, diplom və qiymətli mükafatlar, oyunlarda fəal iştirak etmiş komandalara isə həvəsləndirici hədiyyələr təqdim edilib.