SƏADƏT YUSİFOVA: 163 ABİDƏNİN İNVENTARLAŞDIRILMASI HƏYATA KEÇİRİLƏ BİLMİR

İqlim dəyişikliyi ilə bərabər, müharibələr də xeyli sayda mədəni və təbii irsin dağıdılması ilə nəticələnir.

Bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı panel sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, torpaqlarımızın 30 ilə yaxın müddət ərzində Ermənistan tərəfindən işğalı mədəni və təbii irsimizin dağıdılmasına gətirib çıxarmış, bizim milli irsimiz mədəni soyqırıma məruz qalıb.

“Ümumilikdə, Qarabağ və Şərqi Zəngəzurda 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda aparılan təhlillər nəticəsində müəyyən olunub ki, işğal dövründə onlar məqsədli şəkildə dağılmaya, vandalizmə məruz qalmış, 47 abidə yer üzündən silinib, 163 abidə Təhlükəsizlik səbəbindən inventarlaşdırılma aparılmayan abidələrdir. Bu abidələr əsasən mina və sursat partlayışı riski olan ərazilərdədir. Bu abidələrin bərpası və konservasiyası Böyük Qayıdışın prosesinin tərkib hissəsidir.

Mədəni irsin qorunması və gələcək nəsillərə tam şəkildə çatdırılması qarşımızda duran əsas vəzifələrdəndir”, – deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.

“Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edir.

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilməsi nəzərdə tutulur.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə keçirilir.

Tədbir 1-3 may tarixlərini əhatə edəcək.