QARABAĞ DİRÇƏLİŞ FONDU 8 MARTLA ƏLAQƏDAR YENİ LAYİHƏYƏ START VERİB

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Qələbədən sonra işğaldan azad olunan doğma Qarabağımız yeni mərhələyə – bərpa, dirçəliş və inkişaf dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin təşkili, sosial-iqtisadi rifahın yaxşılaşdırılması, Qarabağın dirçəlişi bu gün bütün Azərbaycan ictimaiyyəti və dövlət qurumlarının qarşısında duran mühüm vəzifələrdən biridir.

Prezident İlham Əliyevin 2021-ci il 4 yanvar tarixli Fərmanı əsasında yaradılan Qarabağ Dirçəliş Fondu (QDF) Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb olunmasını, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını, habelə görülən işlərlə bağlı ölkə daxilində və xaricində informasiya təminatını, maarifləndirmə və zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxs kimi Qarabağın bərpasında ictimaiyyət nümayəndələrinin yaxından iştirakının təmin edilməsi ilə bağlı da addımlar atır.

Fonddan bildirilib ki, QDF tərəfindən Qarabağın dirçəlişinə ianə cəlb olunması, bu sahədə fəal iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

QDF daha çox insanın Qarabağın bərpası kimi mühüm bir missiya ətrafında birləşməsi, işğaldan azad olunan ərazilərdə bərpa və quruculuq işlərinə töhfə verə bilməsi məqsədilə müxtəlif əlamətdar günlər münasibətilə unikal hədiyyə “İanə Sertifikatı” hazırlayıb. Belə ki, arzulayan hər kəs öz doğmalarına, yaxınlarına mənəvi dəyəri çox yüksək olan hədiyyə “İanə Sertifikatı”nı təqdim etməklə bu mühüm missiyanın bir parçasına çevrilə bilər.

Bildiyimiz kimi, qarşıdan hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunan 8 Mart – Beynəlxalq Qadınlar Günü gəlir. Doğma Qarabağın bərpasında hər bir vətəndaşımızın iştirakını vacib hesab edən Qarabağ Dirçəliş Fondu tərəfindən bu əlamətdar günlə bağlı hazırlanan “İanə Sertifikatı”nı əziz və doğma olan xanımlara hədiyyə etməklə həm onları təbrik edə, həm də Qarabağın bərpasına töhfə verə bilərsiniz.

“Sertifikatı əldə etmək üçün Fondun veb-səhifəsinə (https://qdf.gov.az/iane-imkanlari/hediyye/8mart/) daxil olub təbrik etmək istədiyiniz xanımın adını yazmaq, daha sonra ianə vəsaitinin məbləğini və ya ağac sayını seçərək ianə etmək kifayətdir.

Əmin ola bilərsiniz ki, hədiyyə edəcəyiniz xüsusi “İanə Sertifikatı” hər bir qadın üçün çox böyük mənəvi dəyərə malik olacaq”, – deyə Fondun açıqlamasında bildirilib.