QƏBUL İMTAHANININ II MƏRHƏLƏSİNİN 1-Cİ CƏHDİNDƏ İŞTİRAK ETMƏK İSTƏYƏN ABİTURİYENTLƏRİN ƏRİZƏ QƏBULU DAVAM EDİR

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər mayın 6-sı saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Aprelin 26-sı saat 09:15-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 19671, II qrup üzrə 16904, III qrup üzrə 17093, IV qrup üzrə isə 4440 abituriyent elektron ərizəsini təsdiq edib.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin martın 1-15-i tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq, onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb. Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi) vermiş, lakin martın 1-15-i tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən əvvəlki illərin məzunları da I, II, III və IV qruplardan hər hansı birini seçib imtahanın ikinci mərhələsində iştirak edə bilərlər. Bu halda imtahanın birinci mərhələsinin nəticəsi kimi həmin abituriyentlərin ötən il topladıqları bal nəzərə alınacaq.