PREZİDENT İLHAM ƏLİYEVİN FORUMDA ÇIXIŞI UKRAYNA MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏDİR

Mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqində səsləndirdiyi fikirlər Ukrayna mətbuatının diqqət mərkəzində olub.

“Korrespondent”, “1News”, “Meta”, “Ua24news” və digər xəbər portallarında dərc olunan məqalələrdə Prezident İlham Əliyevin regionda sülhün və sabitliyin möhkəmlənməsi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atdığı addımlar barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb.

Məqalələrdə Azərbaycan Prezidentinin çıxışına istinadla qeyd olunur ki, Cənubi Qafqazda sabitlik Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə əldə olunub. Azərbaycan Ermənistanla sülh əldə etmək üçün fəal işləyir. Danışıqlar Azərbaycan tərəfindən hazırlanmış sənəd əsasında aparılır. Hazırda sülh prosesində müsbət tendensiya müşahidə edilir, sərhədlərin delimitasiyası ilə yanaşı, həm də demarkasiyaya başlanılıb. Sərhədlərin delimitasiyası və demarkasiyası iki ölkə arasında əldə olunan razılaşmalar əsasında, vasitəçilərsiz həyata keçirilir.