NİİM PİYADALARA MÜRACİƏT EDİB

Təəssüf ki, paytaxt ərazisində bir çox hallarda piyadalar yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına çıxırlar, yeraltı və yerüstü keçidlərdən istifadə etmirlər, avtomobilin tam dayanmağına əmin olmadan yolu keçməyə çalışırlar.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir.

“Ən acınacaqlı vəziyyət isə, xüsusilə də axşam saatlarında piyadaların çox zolaqlı və hərəkətin intensiv olduğu küçə və prospektlərdə yolu keçməsi ilə bağlıdır. Təbii ki, bəzən sonu faciə ilə nəticələnən belə yol-nəqliyyat hadisələri yollarda sıxlığın yaranmasına da səbəb olur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq həm sürücülərin, həm də piyadaların nəzərlərinə çatdırmaq istəyirik ki, piyadalar yolu keçərkən diqqətli olmalı, sürücülər isə sürət həddinə və yol nişanlarının tələblərinə əməl etməli, ümumilikdə isə hər iki tərəf hər an, hər yerdə ehtiyatı əldən verməməlidir”, – NİİM-dən bildirilib.

Məlumatda qeyd olunub ki, Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsilə qeydə alınan bu qəzalar ötən il baş verib.