HÖKUMƏT VƏ XÜSUSİ DÖVLƏT RABİTƏSİ İLƏ TƏMİN OLUNAN VƏZİFƏLİ ŞƏXSLƏRİN SİYAHISI GENİŞLƏNDİRİLİB – FƏRMAN

Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

Siyahıdan ləğv edilən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin idarə rəisləri, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi rəisinin müavini və departament rəisləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin idarə rəisləri, Xidmətin Milli Qvardiyası komandanının birinci müavini daxil edilib.

Eyni zamanda siyahıya Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisləri və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin idarə rəisləri də daxil edilib.

Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından isə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin vəzifəli şəxsləri çıxarılıb, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti üzrə aşağıdakı vəzifəli şəxslər daxil edilib:

– idarə rəislərinin müavinləri;
– müstəqil şöbələrin rəisləri;
– Milli Qvardiya komandanının müavinləri.

Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti üzrə isə siyahıya aşağıdakılar daxil olunub:

– baş idarə rəislərinin müavinləri;
– idarə rəisləri və onların müavinləri;
– müstəqil şöbələrin rəisləri.

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi üzrə aşağıdakı şəxslər siyahıda yer alıb:

– idarə rəislərinin müavinləri;
– müstəqil şöbələrin rəisləri.