ELM VƏ TƏHSİL İŞÇİLƏRİNƏ “HEYDƏR ƏLİYEVİN 100 İLLİYİ (1923–2023)” YUBİLEY MEDALI TƏQDİM EDİLİB

Elm və Təhsil Nazirliyində “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.

Nazirlikdən bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Nazir Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.

Nazir çıxışında Ulu Öndərin genişmiqyaslı fəaliyyətində elmin və təhsilin inkişafının hər zaman prioritet sahə kimi mühüm yer tutduğunu qeyd edib. Emin Əmrullayev Heydər Əliyevin Azərbaycan təhsilinin tərəqqisindəki müstəsna xidmətlərindən birinin ölkəmizdən kənarda ali təhsilli kadrların hazırlanması olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Ümummilli Lider 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaradıb.

Emin Əmrullayev 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Liderin 100 illiyinə həsr olunmuş tədbirlər barədə də iştirakçılara məlumat verib.

Daha sonra “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalına layiq görülmüş bir qrup elm və təhsil işçisinə medallar təqdim edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.