
Dövlət Gömrük Komitəsinin Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Əsasnamədə Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsinin vəzifələri də öz təsdiqini tapıb.
Belə ki, Azad və Xüsusi İqtisadi Zonalar üzrə Gömrük İdarəsi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:
- qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyinin təmin edilməsində iştirak etmək;
- icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş normativ hüquqi aktlara riayət olunmasını təmin etmək;
- azad və xüsusi iqtisadi zonalara gətirilən və bu zonalardan aparılan mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək;
- malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;
- gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı təqdim olunmuş sənədlərin qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada saxlanılmasını təmin etmək;
- qanunvericiliklə müəyyən edilmiş qaydada azad zona səlahiyyətli qurumu, azad zona inzibati müəssisələri və azad zona hüquqi şəxsləri tərəfindən azad zonaya gətirilən və azad zonadan aparılan mallara və nəqliyyat vasitələrinə görə gömrük yığımlarının alınmasını təmin etmək;
- Azərbaycan Respublikasının gömrük ərazisi hüdudlarından kənardan xüsusi iqtisadi zonaya idxal olunmuş malların həmin zonadan Azərbaycan Respublikasının gömrük ərazisinə buraxılması zamanı qanunvericiliyə uyğun olaraq gömrük rüsumları və vergiləri tutmaq;
- aksizli malların xüsusi iqtisadi zonaya idxalı zamanı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük ödənişlərinin alınmasını təmin etmək;
- xüsusi iqtisadi zonada malların gömrük rəsmiləşdirilməsi və gömrük orqanlarının sərəncamında olan gömrük anbarlarında saxlanılması ilə bağlı qanunvericiliyə uyğun olaraq gömrük yığımlarının alınmasını təmin etmək;
- gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması, aşkar edilməsi və araşdırılması üzrə tədbirlər görmək;
- gömrük işi sahəsində cinayətlərə, gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, o cümlədən qanunvericiliklə qadağan edilmiş malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;
- milli təhlükəsizliyin, ictimai asayişin, insanların həyat və sağlamlığının, ətraf mühitin, heyvanlar və bitkilər aləminin, habelə mədəni, tarixi və arxeoloji sərvətlərin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;
- Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;
- müasir informasiya-kommunikasiya texnologiyalarından və texniki nəzarət vasitələrindən istifadə etməklə, risklərin idarə edilməsi sistemi əsasında gömrük nəzarətinin təkmilləşdirilməsi məqsədilə Komitəyə mütəmadi olaraq əsaslandırılmış təkliflər vermək;
- xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görmək;
- sənaye və texnologiyalar parklarına, sənaye məhəllələrinə gətirilən və aparılan mallar üzrə gömrük rəsmiləşdirilməsi prosesinə yerli bölmələri vasitəsilə metodoloji dəstək göstərmək və statistik uçotu aparmaq;
- dövlət orqanları, xarici ticarət iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;
- beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə xarici ticarət iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;
- qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.
