“AZƏRKOSMOS”UN RƏHBƏRİ BEYNƏLXALQ KONFRANS İŞTİRAKÇILARINI ÖLKƏNİN KOSMİK SAHƏDƏ PRİORİTETLƏRİ HAQQINDA MƏLUMATLANDIRIB

Ankarada üç günlük Beynəlxalq Kosmik Texnologiyaları Konfransına (STC) start verilib.

Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə keçirilən tədbirdə Azərbaycanı Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndə heyəti təmsil edir.

Mərkəzi Asiya regionunda kosmik ekosistemlərinin inkişafı mövzusundakı panel iclasda “Azərkosmos”un idarə heyətinin sədri Saməddin Əsədov çıxış edib. O, tədbir iştirakçılarının diqqətini Azərbaycanın kosmik sahəsinin yaxın illərdəki strateji prioritetlərinə, beynəlxalq əməkdaşlıq planlarına, iqlim dəyişməsinin mənfi nəticələrinin aradan qaldırılması üzrə səylərə cəlb edib.

“Azərkosmos”un rəhbəri “Azerspace-1” telekommunikasiya peyki layihəsi, “yaşıl” iqtisadiyyatın inkişafı sahəsində Azərbaycan hökumətinin planları barədə bəhs edib. O, Bakıda BMT-nin İqlim dəyişməsi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsinin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarını sessiyada iştirak etməyə çağırıb.

Konfransda Azərbaycanın nailiyyətlərindən bəhs edən videoçarx nümayiş olunub.

STC Avrasiya regionunda dialoq və kosmik sahənin inkişaf perspektivlərinin müzakirə edilməsi, eləcə də bu sektorda uzunmüddətli tərəfdaşlığın qurulması üçün tanınmış qlobal platformadır. Tədbir çərçivəsində bu sahədə yeni peyk texnologiyaları, təhlükəsizlik, maliyyələşdirmə və tənzimləmə üzrə fikir mübadiləsi aparılır.

Konfransın sponsorları dünya kosmik texnologiyaları sənayesinin liderləridir.

Tədbirdə çoxsaylı panel müzakirələr və dəyirmi masalar, kosmik sənayesi obyektlərinin ziyarəti planlaşdırılıb.

Ötən il Özbəkistanda keçirilən STC 2023 konfransında dünyanın 28 ölkəsinin nümayəndələri spiker qismində çıxış ediblər.