
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı qərar qəbul edib.
Parlamentin bugünkü plenar iclasında qərarın qəbul edilməsi üçün komissiya yaradılıb.
Milli Məclisin bir qrup deputatı komissiyanın tərkibinə daxil edilib.
Milli Məclisin sədr müavini Ziyafət Əsgərov qərarın mətnini oxuyub.
Qərara əsasən, Milli Məclisin Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əməkdaşlıq əlaqələri dayandırılıb.
Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin fəaliyyətində iştirakına son qoyulub.
Avronest Parlament Assambleyasının Nizamnaməsinə uyğun olaraq Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılıb. Prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambleyasının tədbirlərinə qatılmayacaq.
Qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq yekdilliklə qəbul edilib.
