ALİ MƏKTƏBLƏRƏ QƏBUL İMTAHANLARININ II MƏRHƏLƏSİ ÜZRƏ SINAQ İMTAHANINA QEYDİYYAT DAVAM EDİR

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, imtahan fevralın 18-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində təşkil olunacaq. I və III ixtisas qrupları üzrə hər iki altqrupu (RK və Rİ, DT və TC) seçmiş iştirakçılar üçün informatika və coğrafiya fənni üzrə ayrıca imtahan isə fevralın 11-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçiriləcək.

Sınaq imtahanına qeydiyyat yanvarın 30-u saat 12:00-dək aparılacaq.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ (40 AZN) yüklənilir. I qrup üzrə RK və Rİ, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər öz kabinetlərinə müvafiq olaraq informatika və coğrafiya fənnindən əlavə imtahan üçün 15 AZN də yükləməlidirlər.

Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır.

İmtahan yeri (binası) barədə məlumat imtahandan bir həftə əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.