ADY BAKI-ASTARA DƏMİR YOLU XƏTTİ İLƏ BAĞLI SON VƏZİYYƏTİ AÇIQLADI

Azərbaycan Dəmir Yolları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm seqmentlərindən biri olan Ələt-Osmanlı-Astara dəmir yolu xəttinin yenidən qurulması layihəsi üzrə işləri davam etdirir.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, dəmir yolu xəttinin ox üzrə ümumi uzunluğu 245 kilometr təşkil edir və tikinti işlərinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.

“Layihələndirmə işlərinin 55 faizi yerinə yetirilib. Xəttin tikinti-quraşdırma işlərinin isə Ələt–Osmanlı hissəsi üzrə 56 faizi tamamlanıb.

Layihə ümumilikdə dörd mərhələdə həyata keçirilir. Birinci mərhələ 60 kilometr uzunluğunda Ələt–Osmanlı hissəsini əhatə edir. İkinci mərhələ çərçivəsində Kür çayı üzərində yeni dəmir yolu körpüsünün tikintisi başa çatdırılıb.

“Hazırda digər mərhələlər üzrə layihələndirmə işləri davam etdirilir”.

Xatırladaq ki, Ələt–Osmanlı–Astara dəmir yolu xəttinin yenidən qurulması Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi boyunca yükdaşımaların həcminin artırılmasına, tranzit imkanlarının genişləndirilməsinə və regionun nəqliyyat-logistika potensialının gücləndirilməsinə xidmət edir.