
İyunun 1-də Naxçıvan Muxtar Respublikasında İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi, İnstitutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində e.ə. VIII əsrlərə aid qaya üzərində Urartu mixi yazılı mətnin yerini aşkar ediblər.
XX əsrin 80-ci illərinin sonunda İlandağ ərazisində qaya üzərində göstərilən mixi yazılı mətn aşkar olunaraq elmi dövriyyəyə daxil edilib. Lakin abidənin yeri dəqiq göstərilməyib. Bu illər ərzində dəfələrlə axtarış cəhdlərinə baxmayaraq, abidənin yerini aşkar etmək mümkün olmayıb.
İlandağ ərazisindəki qaya üzərində mixi yazılı mətndə Urartu çarı I Sardurinin oğlu İşpuini (e.ə.820-810 cu illər) və onun oğlu Menua (e.ə.786-764 illər) mədh olunub.
Mövcud tərcümə versiyasına görə, mətndə bu sözlər əks olunub: “Haldi tanrısının himayəsi altında Sardurinin oğlu İşpuini (və) İşpuininin oğlu Minua Arşini şəhərini fəth etdilər. Onlar (və ya o) Arşini şəhərinin torpağını fəth etdilər, onlar (və ya o) Aniani şəhərinin torpağını fəth etdilər və (və ya o) onu dağıtdılar…. o, Haldi tanrısı üçün bir stela ucaltdı. Puluadi torpağında bir ritual tətbiq etdi: O (ritualda iştirak edən) Puluadi torpağından Haldi tanrısına [bir öküz] və Haldi tanrısının arvadına bir inək qurban verə bilərmi?”.
