2027-Cİ İLDƏ BURAXILIŞ İMTAHANLARINA ƏLAVƏ VAXT AYRILACAQ

2027-ci ildə buraxılış imtahanlarına ümumi vaxtdan əlavə 15 dəqiqə vaxt ayrılacaq.

Bunu DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva “Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu məsələ artıq DİM tərəfindən razılaşdırılıb:

“Tam orta təhsil səviyyəsi üzrə təkmilləşdirilmiş imtahan modeli üçün həyata keçirilmiş pilot layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərinin müxtəlif məktəblərindən ümumilikdə 858 şagirdin iştirakı ilə aparılan sınaqlar bu modelin praktik tətbiqi və qiymətləndirmə meyarlarının effektivliyini təhlil etməyə imkan verib. Nəticələr göstərir ki, yeni yanaşma şagirdlərin dil bacarıqlarını daha kompleks və real kommunikativ situasiyalara uyğun şəkildə ölçməyə şərait yaradır”, – o qeyd edib.