“ƏQLİ MÜLKİYYƏT MÜASİR MƏRHƏLƏDƏ” MÖVZUSUNDA “DƏYİRMİ MASA” KEÇİRİLİR

Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

Tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu – aprelin -23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanda da bu əlamətdar günlərin qeyd edildiyini diqqətə çatdırıb.

Xatırladaq ki, 26 Aprel – Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən təsis edilib. Bu tarixin seçilməsi “Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis olunması haqqında Konvensiya”nın 1970-ci il aprelin 26-da qüvvəyə minməsi ilə əlaqədardır.

Beynəlxalq Əqli Mülkiyyət Gününün təsis olunması əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli gəlib. Bu əlamətdar gün münasibətilə hər il dünyanın əksər ölkələrində keçirilən müxtəlif tədbirlərin əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində, davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirməkdir.

Beynəlxalq Əqli Mülkiyyət Günü 2001-ci ildən başlayaraq Azərbaycanda da qeyd olunur və hər il bununla əlaqədar tədbirlər təşkil edilir. Bu il Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada “Əqli mülkiyyət və Dayanıqlı İnkişaf Məqsədləri: Ümumi gələcək naminə innovasiya və yaradıcılıq” devizi altında keçirilir.