
Dövlət və özəl qurumlardan, ictimaiyyət nümayəndələrindən ağac əkmək istəyi ilə bağlı müraciətlər daxil olanda fərəhlənirik. Artıq əksər qurumlar öz əlamətdar günlərini həm də ağac əkərək təbiətə töhfə verməklə qeyd edirlər. Yeni yaradılan “yasilgelecek.az” elektron platforması isə bu savab işə qoşulmağı daha da asanlaşdırıb. Belə ki, bu platforma vasitəsilə hər kəs ağac əkməklə təbiətə töhfə verə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib ki, “Yaşıl gələcək” platforması vasitəsilə ağac əkmək və əkilən ağaclara görə xüsusi sertifikat əldə etmək mümkündür.
“Artıq xeyli təbiətsevər yasilgelecek.az platforması vasitəsilə öz yaxınlarının ad günlərində, təmsil etdikləri qurumların əlamətdar tarixlərində ağac əkmək təşəbbüsünə qoşulub, xüsusi günlərini daha yaddaqalan edib. Hər birimiz ağac əkilməsi və yaşıllaşdırma işlərinin təşviqinə bu yeni elektron platforma üzərindən dəstək ola, həm fərdi, həm də korporativ qaydada xeyirxah və savab əməlimizi yaddaşlara salan sertifikatlar əldə etməklə, təbiətimizə olan qayğımızı göstərə bilərik”.
Nazirliyin sözçüsü həmin faydalı ənənənin bundan sonra da davam etməsi, hətta fərdi əlamətdar günlərdə də ağac əkməyə önəm verilməsi niyyəti ilə həm media təmsilçilərini, həm də cəmiyyətimizin bütün nümayəndələrini ağacəkmə işlərində yaxından iştirak etməyə, yaşıllaşdırmanı kütləvi və davamlı prosesə, vətəndaş vərdişinə çevirməyə çağırıb.

