Misirin “Asia Əl Yom” agentliyinin saytında və “Əl Masriyə” portalında Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksində olmaları barədə xəbər yayımlanıb.
AZƏRTAC-a istinadla hazırlanan xəbərdə qeyd olunub ki, dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verilib. Misirli oxucuların diqqətinə çatdırılıb ki, XVIII əsrə aid və iki binadan ibarət olan bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindəndir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb.
Xəbərdə vurğulanıb ki, işğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb, buradan tövlə kimi istifadə olunub.
Materialda diqqətə çatdırılıb ki, Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin – Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.