“Azerspace-1” peykindən yayımlanan Azərbaycan televiziya kanalları yanvarın 28-dən HD (High Definition – yüksək dəqiqlikli) formatda yayıma keçəcək.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, bu, “Azərkosmos”, Milli Televiziya və Radio Şurası, “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi və Dövlət Radiotezliklər İdarəsinin birgə razılığına əsasən yerli televiziya kanallarının yayımında təsvir keyfiyyətinin daha üstün səviyyəyə gətirilməsi məqsədilə həyata keçirilir.
Yeni formata keçidlə əlaqədar olaraq yanvarın 28-dək yerli telekanallar öz infrastruktur və yayım tezliklərini HD keyfiyyətində yayımı mümkün edən vəziyyətə gətirəcək. Yayım texnologiyası “MPEG-2” sıxlaşdırma metodundan “MPEG-4” sıxlaşdırma metoduna keçiriləcək.
Qeyd edək ki, HD formatlı təsvirdə SD formatla müqayisədə, kontentdən asılı olaraq, piksel (təsviri formalaşdıran element) sayı bir neçə dəfə çox olur. Bu isə təsvirin keyfiyyətinin bir o qədər yüksək olmasını təmin edir, nəticə etibarilə tamaşaçıya daha dəqiq və aydın görüntü izləmək imkanı verir.
Yerli televiziya kanalları HD formatda “Azerspace-1” peyki üzərindən 11175/H/30000 tezliyi ilə yayımlanacaq.
Kanalları HD formata keçirmək üçün təlimatdan istifadə etmək tövsiyə olunur.
Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.