ÜST: “OMİKRON” VARİANTININ GENİŞ YAYILMASINI DAYANDIRMAQ ÜÇÜN HƏR BİR ÖLKƏNİN ƏHALİSİNİN 70 FAİZİ VAKSİNLƏNMƏLİDİR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son dərəcə yoluxucu olan “omikron” variantının geniş yayılmasını nəzərə alaraq hər bir ölkənin öz əhalisini COVID-19-a qarşı immunlaşdıra bilməsi üçün beynəlxalq birliyi maksimum səy göstərməyə çağırıb.

ÜST-nin aparıcı epidemioloqu Mariya van Kerkxov xatırladıb ki, “omikron”un sürətlə yayılması fonunda dövlətlər təkcə əlavə peyvəndlərin köməyi ilə pandemiyaya qalib gələ bilməyəcəklər.

Kerkxov Britaniyanın BBC media şirkətinə müsahibəsində deyib: “İntensiv ünsiyyət, effektivliyi sübut olunmuş təbirlərin məhdud tətbiqi və vaksinasiya ilə əhatənin məhdudluğu hər bir ştamın, hər bir virusun yayılmasını təmin edir”.

ÜST-nin epidemioloqu Abdi Mahmud Cenevrədə brifinqdə çıxış edib. O bildirib ki, hələ Milad bayramından əvvəl “omikron” virusu dünyanın 128 ölkəsində aşkar edilmişdi. Yeni ştam ilə yoluxma halında xəstəliyin yüngül formada keçməsini təsdiq edən inandırıcı məlumat yoxdur.

O daha sonra əlavə edib ki, COVID-19-un yeni dalğası yayılmış Londonda xəstəxanaya düşənlərin sayı əvvəlki dövrlə müqayisədə 20 faiz aşağıdır. Abdi Mahmud deyib: “Bu o deməkdir ki, əgər siz vaksinlənmisinizsə, deməli müdafiə olunmusunuz, əks halda siz risk qrupundasınız və “omikron” sizin üçün təhlükə mənbəyidir”.

Planetin ən həssas əhali qruplarının peyvəndlə təmin edilməsi çox çətindir. ÜST nümayəndəsinin fikrincə, dünyanın hər bir ölkəsinin əhalisinin azı 70 faizini vaksinlənməsi zəruridir.