DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN HƏRBİ HELİKOPTERİ TƏLİM UÇUŞLARI ZAMANI QƏZAYA UĞRAYIB

Noyabrın 30-da saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin daxil olan birgə məlumatında bildirilib ki, qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

DSX-nin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.