
Qarabağın qədim torpağında – Şuşa şəhərində, məşhur Cıdır düzündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə möhtəşəm IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub.
Festival təntənəli şəkildə start götürüb.
Ənənəvi olaraq festivalda təkcə Azərbaycanın incəsənət xadimləri deyil, həm də müxtəlif ölkələrdən musiqi kollektivləri və solistlər iştirak edirlər. Bu il festivalda ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrin nümayəndələri yer alıblar.
Festival “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Mənim cənnətim – Qarabağ” əsəri ilə açılıb. Qonaqlara milli və dünya musiqisinin şah əsərlərindən, incəsənət incilərindən ibarət rəngarəng proqram təqdim olunub.
Böyük qala-konsertdə tamaşaçıların alqış sədaları altında tanınmış sənətçilər və gənc istedadlar çıxış ediblər. Onların sırasında Azərbaycanın xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, eləcə də əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov yer alıblar. Konsertdə həmçinin aşıqlar – əməkdar mədəniyyət işçiləri Samirə Əliyeva və Əli Tapdıqoğlu, beynəlxalq müsabiqələr laureatları Camal Əliyev, Müşfiq Quliyev, Riad Məmmədov, İsmayıl Zeynalov, ifaçı Qabil Məmmədov və onun tələbələri, Mariinski Teatrının solisti Həmid Abdulov, yapon musiqiçi Kiyoşi Ohira, Almaniyanın “Reyn” operasının solisti Mara Hüseynova, türkiyəli ifaçı Uğur İşılak, eləcə də Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı, Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” etno-folk ansamblı, Özbəkistanın “Şodlik” rəqs ansamblı və Türkmənistanın “Galkynyş” ansamblı çıxış ediblər. Bayram konserti “Qarabağ yallısı”nın ifası ilə yekunlaşıb.
İki gün ərzində Şuşa şəhərinin müxtəlif məkanlarında konsertlər və mədəni tədbirlər keçiriləcək. Festivalın məqsədi mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, musiqi əlaqələrinin möhkəmləndirilməsi və müxtəlif ölkələrin sənətçiləri arasında yaradıcılıq mübadiləsinin genişləndirilməsidir.
“Xarıbülbül” festivalı mədəni həyat üçün xüsusi əhəmiyyət daşıyır və təkcə beynəlxalq miqyaslı musiqi hadisəsi deyil, həm də Şuşa şəhərinin dirçəlişinin və Azərbaycanın zəngin musiqi irsinin qorunmasının simvolu kimi qiymətləndirilir.
Qeyd edək ki, festival ənənəvi olaraq Azərbaycanın mədəni paytaxtı olan Şuşada keçirilir və onun adı Qarabağın və Şuşa şəhərinin rəmzi hesab edilən xarıbülbül gülü ilə bağlıdır. Festivalın tarixi 1989-cu ildən başlayır, 1990-cı ildə isə beynəlxalq status qazanıb. Qarabağ münaqişəsi dövründə festivalın konsertləri Ağdam, Bərdə və Ağcabədidə keçirilib. Vətən müharibəsində qazanılan tarixi Qələbədən və torpaqlarımızın işğaldan azad edilməsindən sonra festival yenidən bərpa olunaraq Şuşada keçirilməyə başlanıb. Festivalın bəzi konsertləri Laçın şəhərində də təşkil olunub.
