Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesinin tezliklə işə salınmasının zəruriliyini vurğulayır.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib ki, Qarabağla bağlı üçtərəfli bəyanatın icrası üzrə işlər davam edir: “Liderlərin Qarabağ münaqişə zonasında atəşin və döyüş əməliyyatlarının tam dayandırılması barədə bəyanatının yaxınlaşmaqda olan ildönümü Rusiya XİN rəhbəri Sergey Lavrovun noyabrın 1-də Ermənistandan, noyabrın 2-də Azərbaycandan olan həmkarı ilə telefon danışıqlarında müzakirə olunub. Nazirlər ötən bir il ərzində regionda vəziyyətin sabitləşməsi, atəşkəsə əməl olunması ilə bağlı eyni fikirdə olublar. Bakıda və Yerevanda rusiyalı sülhməramlıların rolunu yüksək qiymətləndirirlər. Ayrı-ayrı insidentlər hər iki tərəfin qarşılıqlı fəaliyyət kanalları ilə tənzimlənir. Nəqliyyat əlaqələrinin də açılması üzrə səylər göstərilir. Biz həm də problemin kompleks həllini Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və sonrakı demarkasiyası prosesinin tezliklə işə salınmasında görürük”.