MOLDOVA MƏTBUATI QARABAĞDA APARILAN BƏRPA İŞLƏRİNDƏN YAZIB

Moldovanın noi.md aparıcı xəbər və informasiya portalında məşhur jurnalist və publisist Anna Jdanovanın Qarabağda aparılan bərpa işləri ilə bağlı məqaləsi dərc edilib.

Məqalədə müəllif Ermənistanla yekun razılaşmanın və mina sahələrinin xəritələrinin olmamasına baxmayaraq, Azərbaycan səlahiyyətliləri tərəfindən şəhərlərin bərpa edilməsi, dağıldılmış avtomobil yollarının yenidən qurulması və hətta dəmir yolunun salınmasına başlanmasını qeyd edir. Vurğulanır ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq Qarabağa səfərlər edir, burada görülən işlərə şəxsən nəzarət edir.

Müəllif yazır ki, Zəngilan rayonunda ilk “Ağıllı kənd” layihəsi həyata keçirilir. Bundan əlavə, Zəngilanın Azərbaycanın nəqliyyat və logistika mərkəzinə çevrilməsi planlaşdırılır. Digər işğaldan azad olunmuş rayonlar – Qubadlı, Kəlbəcər və Laçının da baş planları hazırlanır.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Füzulidə rekord müddətdə – cəmi 8 ayda tikilmiş beynəlxalq hava limanının açılışında iştiraklarından da bəhs edilir.

Müəllif yazır ki, bütün bərpa işləri Azərbaycanın öz vəsaiti hesabına aparılır.

Sonda müəllif qeyd edir ki, Azərbaycan Ermənistan tərəfi ilə təkcə çoxdan gözlənilən minalanmış sahələrin xəritəsinin verilməsi ilə bağlı deyil, həm də sərhədlərin yekun demarkasiyası məsələsi ilə bağlı danışıqlar prosesini davam etdirir.