F-16-ların Türkiyəyə tədarükünü müzakirə etdik və bu məsələdə onlardan mənfi yanaşma görmədim. Əfqanıstan, Suriya, Liviya və şərqi Aralıq dənizi məsələlərinin müzakirəsi ilə yanaşı, iqtisadi əməkdaşlıq sahəsində də əlaqələrin geniş şəkildə davam etməsini qərara aldıq.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən G20 (Böyük İyirmilik) Sammitindən Ankaraya dönərkən təyyarədə jurnalistlərə ABŞ Prezidenti Co Bayden ilə keçirdiyi görüşün nəticələrindən danışarkən bildirib.
Türkiyənin terrorçuluqla apardığı mübarizədə qətiyyətini dəyişməyəcəyini ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Əgər qarşımızda bir terror təşkilatı olan PKK/PYD/YPG varsa, nə tələb olunursa biz onu edəcəyik. Burada güzəşt etmərik”.
Gündəmdəki digər məsələlərə də toxunan Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə bu ilin sonunadək koronavirusa qarşı vaksin istehsalına başlayacaq və onu dünya ilə bölüşəcək.