AZƏRBAYCAN SƏNƏDLİ FİLMİ ABŞ FESTİVALINDA XÜSUSİ MÜKAFAT QAZANIB

 

Rejissoru Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən 21-ci Cənub-Şərqi Avropa Film Festivalında (SEEfest) “Qısametrajlı sənədli film” kateqoriyasında “Xüsusi Vurğu” (Honorable mention) mükafatına layiq görülüb.

Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) məlumat verilib.

Bildirilib ki, SEEfest – müxtəlif baxış bucaqlarını amerikalı tamaşaçılara çatdırmaq missiyası ilə Los-Ancelesdə hər il keçirilən, Cənub-Şərqi Avropa kinosunu beynəlxalq auditoriyaya təqdim edən nüfuzlu platformalardan biridir. Festival hər il minlərlə müraciət arasından seçim edir. Bu il sənədli yarışma proqramına cəmi 6 film seçilib. Onların arasında “Yaddaş sarayları”nın da olması sənədli kinomuzun uğurudur.

Ekran əsərinin dünya premyerası daha əvvəl Çexiyada keçirilən nüfuzlu Jihlava Beynəlxalq Sənədli Film Festivalı (Jihlava IDFF) çərçivəsində baş tutmuşdu.

Rejissoru Mətləb Muxtarov, prodüseri Emil Nəcəfov olan film “Rental Azərbaycan” şirkəti tərəfindən istehsal edilib. Filmin postprodakşn mərhələsi Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən ARKA-nın dəstəyi ilə həyata keçirilib.

“Yaddaş sarayları” rejissorun ilk xatirəsinin izinə düşməsi haqqındadır. Uşaqlığının izlərini axtararaq doğulub böyüdüyü şəhərin küçələrini gəzən rejissor bir yaşında olarkən vəfat etmiş atası və nənəsi ilə bağlı xatırladığı hadisənin həqiqətən baş verib-vermədiyini sorğulamağa başlayır.

“Yaddaş sarayları”nın əvvəlcə “Jihlava” kimi nüfuzlu festivalda premyera etməsi, ardınca isə SEEfest-də xüsusi mükafata layiq görülməsi Azərbaycan sənədli kinosunun beynəlxalq arenadakı uğurlarının nümunəsidir.