Bakı şəhəri “Uzakrota” platformasının təşkil etdiyi səyahət mükafatları çərçivəsində “Dünyanın Aparıcı Turizm Destinasiyası Şəhəri” nominasiyası üzrə qalib elan olunub.
Bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumata görə, bu nominasiyada qlobal səviyyədə səsvermə prosesi cari ilin oktyabr ayı ərzində keçirilib.
Eyniadlı nominasiya üzrə ikinci və üçüncü yerləri isə İstanbul və Amsterdam şəhərləri tutub.
Müsabiqədə 53 kateqoriya üzrə namizəd olan mindən çox turizm destinasiyası, hotel, hava yolu şirkəti, turoperator, onlayn səyahət platforması və başqa növ turizm təsisatları iştirak ediblər.
Türkiyənin səyahət və işgüzar tədbirlər üzrə aparıcı platformalarından biri olan “Uzakrota” artıq 11 ildir ki, “Beynəlxalq Səyahət Mükafatları” tədbirini təşkil edir.
“Uzakrota” tədbiri 2018, 2019 və 2020-ci illərdə fərqli platformalar tərəfindən dünya miqyasında ən nüfuzlu tədbirlərdən biri seçilib.
Ölkəmizin turizm imkanlarının beynəlxalq platformalar tərəfindən qiymətləndirilməsi haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın son günlərdə 4 beynəlxalq mükafata layiq görülməsinin sevindirici hal olduğunu qeyd edib.
Qeyd edək ki, Azərbaycan oktyabr ayı ərzində “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2 nominasiyada, eləcə də maddi və qeyri-maddi şərabçılıq üzrə “İter Vitis” mədəni marşrutuna həsr olunmuş “Ən yaxşı ölkələrarası şərab turizmi məhsulu” nominasiyası üzrə qalib olub.