
Bu gün saat 11:00-dan etibarən tədris digər dillərdə aparılan bölmələr üzrə birinci sinfə qəbul üzrə müsahibəyə qeydiyyat başlayıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına əsasən, müsahibələr 18 may 18:00-a qədər davam edəcək.
Qeyd edək ki, dövlət məktəblərində digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi ərizəçinin razılığı ilə videoçəkiliş aparılmaqla, azı 20 dəqiqə müddətində keçiriləcək. Müsahibədə şagirdin dinləyib-anlama bacarığı, rabitəli danışma bacarığı, söz ehtiyyatı, hərf və səsləri anlama və tələffüz etmə, danışma bacarığı, yazı bacarığı yoxlanılacaq. Müsahibədən 12 və daha çox bal toplamış uşaq (şagird) müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunacaq.
Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 (beş) iş günü müddətində ərizəçinin elektron kabinetinə göndəriləcək. Ərizəçiyə kənar müdaxilələr etmədən müsahibə prosesini izləməyə icazə veriləcək. Üzrlü səbəblərdən (rəsmi sənədlə təsdiq edildiyi halda – bədbəxt hadisə, təbii və fövqəladə hallar, xəstəlik, uşağın və (və ya) ərizəçinin müalicəsi, ərizəçinin xidməti ezamiyyədə olması) I sinfə qəbul üzrə müsahibədə iştirak etməyən uşaqlar üçün müsahibələr cari ilin avqust ayında təşkil olunacaq.
