“FÜYUZAT” JURNALININ NƏŞR OLUNMASINDAN 115 İL ÖTÜR

Bu gün milli mətbuat tariximizdə özünəməxsus yeri olan “Füyuzat” jurnalının nəşr olunmasından 115 il ötür.
Jurnal böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və maarifpərvər, milyonçu-mesenat hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına 1906-cı ilin noyabrın 1-dən Bakıda nəşr olunmağa başlayıb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözü olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, feyzyab olmaq deməkdir.
“Füyuzat” Ə.Hüseynzadənin “Həyat” qəzetinin sonuncu nömrəsində “Vidanamə” başlıqlı məqaləsində göstərdiyi kimi “qüdrətli, ədəbi qələm sahiblərinin cəm” olduğu nəşr kimi diqqəti çəkib. Ətrafında Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abdulla Şaiq, Həsən Səbri Eyvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görüb, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən çar hökuməti tərəfindən çapı dayandırılıb.
Qısa zaman ərzində fəaliyyət göstərən jurnalın təbliğ etdiyi fikirlər, vətənpərvərlik duyğuları, füyuzatın – yəni, gözəlliklər, feyzlər axtarışının şüası, nuru yeni bir yüzilliyə də işıq saçıb. “Füyuzat” qısa ömründə tarixə əsrlərlə öz dəyərini itirməyəcək düşüncələr sistemi bəxş edib.