AZƏRBAYCAN VƏ TÜRKİYƏ ENERGETİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLIĞA DAİR ANLAŞMA MEMORANDUMU İMZALAYIBLAR

Azərbaycan və Türkiyə energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.

Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” hesabında paylaşım edib.

“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində COP29-un Prezidenti Muxtar Babayev ilə birlikdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, həmçinin COP31-in Prezidenti Murat Kurum ilə görüş keçirdik. Görüş zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi sahəsində texniki əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycan-Türkiyə əməkdaşlığı yalnız enerji təhlükəsizliyi sahəsində deyil, həm də enerji keçidi prosesinin əsas sütunlarından biri olan enerji səmərəliliyi istiqamətində genişlənməkdə davam edir”, – paylaşımda qeyd edilib.