
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda Bakı Metropoliteninin genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirir. Bu məqsədlə bankın adi kapital resursları hesabına 850 milyon ABŞ dollarınadək kredit ayrılması planlaşdırılır.
Təklif olunan proqram krediti 30 yanvar 2025-ci il tarixində təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ayrılmaz tərkib hissəsidir.
Təşəbbüs Bakı və ətraf rayonların nəqliyyat infrastrukturunun inkişafına, iqtisadi artımın sürətləndirilməsinə, eləcə də 2020–2040-cı illər üzrə Bakı şəhərinin Baş planına uyğun olaraq əhalinin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
AİB-də qeyd edildiyi kimi, proqram milli, regional və yerli səviyyələrdə əsas maraqlı tərəflərlə sıx koordinasiya şəraitində hazırlanıb. Proqram paytaxtda daha ekoloji, inklüziv və iqtisadi baxımdan dayanıqlı şəhər mühitinin formalaşdırılmasına yönəlmiş kompleks yanaşmaya əsaslanır.
Layihənin həyata keçirilməsinin Azərbaycanda ictimai nəqliyyatın dayanıqlı inkişafını təmin edəcəyi gözlənilir. Əsas nəticə kimi metro infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur, əsas göstəricilər sırasında isə xətlərin uzadılması və beş yeni stansiyanın istismara verilməsi yer alır.
