
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrlə ticarət dövriyyəsi 1,011 milyard ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 132,8 milyon ABŞ dolları və ya 11,6% azalıb.
Hesabat dövründə TDT-yə üzv ölkələrlə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 16,1%-nə bərəbər olub.
2026-cı ilin ilk iki ayında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,7% azalaraq 877,1 milyon dollara, Qırğızıstanla ticarət dövriyyəsi 3,8 dəfə artaraq 9,9 milyon dollara, Qazaxıstanla ticarət dövriyyəsi 8,8% azalaraq 65,6 milyon dollara, Özbəkistanla ticarət dövriyyəsi isə 9,7% azalaraq 58,7 milyon dollara bərabər olub.
Türk Dövlətləri Təşkilatı (TDT) 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış “Naxçıvan Sazişi”nə əsasən yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilib və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə.
Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir.
