
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycanın infrastruktur diplomatiyası
Ermənistanın dəmir yollarının Türkiyə istiqamətində açılması regional kommunikasiyaların bərpası baxımından mühüm hadisə kimi qiymətləndirilir. Bakı üçün bu addım uzunmüddətli diplomatik səylərin nəticəsi, regionda əməkdaşlıq gündəliyinin irəli aparılması və alternativ nəqliyyat xətlərinin şaxələndirilməsi baxımından uğur hesab oluna bilər.
2. Azərbaycanın investisiya cəlbediciliyi artır
ABŞ və İsrail nümayəndələri ilə keçirilən görüşlər Azərbaycanın investisiya mühitinə artan marağın göstəricisi kimi dəyərləndirilir. Xarici tərəfdaşlarla dialoqun intensivləşməsi ölkənin geoiqtisadi mövqeyini gücləndirir və beynəlxalq kapital üçün etibarlı platforma imicini möhkəmləndirir.
3. Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirir
Azərbaycanın Ukraynaya göndərdiyi növbəti humanitar yardım artıq ünvanına çatdırılıb. Bu addım Bakının humanitar diplomatiyasının davamı olmaqla yanaşı, mülki əhaliyə dəstək prinsipinə sadiqliyini nümayiş etdirir və beynəlxalq məsuliyyət yanaşmasını bir daha təsdiqləyir.
4. Ermənistanda siyasi mübarizə kəskinləşir
Ermənistanda siyasi proseslər yenidən gərgin fazaya keçib. Samvel Karapetyanın baş nazir postu uğrunda fəallaşması hakimiyyət daxilində və müxalif düşərgədə yeni qüvvə balansı formalaşdırır. Bu mübarizə ölkədə daxili siyasi sabitliyə təsir göstərə, eyni zamanda xarici siyasət kursunda mümkün dəyişikliklərə yol aça bilər.
5. Qızılın qiyməti yenidən 5 min dollara yaxınlaşıb
Dünya əmtəə bazarlarında qızılın qiyməti artım trendini davam etdirir. COMEX birjasında qızılın bir unsiyası 0,96% və ya 47,4 dollar bahalaşaraq 4 995,8 dollara yüksəlib.
