RƏSMİ BAKININ PRAQMATİK SİYASƏTİ ÖKƏMİZİN STRATEJİ TƏRƏFDAŞLIQ İMKANLARINI ARTIRIR

Hazırda Azərbaycan beynəlxalq münasibətlər sistemində heç zaman olmadığı qədər artan strateji çəkisi, çoxşaxəli tərəfdaşlıq imkanları ilə diqqət mərkəzindədir. Mürəkkəb geosiyasi vəziyyətdə ölkəmiz regional və qlobal aktorlar tərəfindən mühüm, etibarlı tərəfdaş kimi qəbul olunur. Bu, ilk növbədə, uzun illər ərzində formalaşdırılmış müstəqil xarici siyasət kursunun, praqmatik enerji diplomatiyasının və milli maraqlara əsaslanan strateji qərarların nəticəsidir.

Rəsmi Bakının balanslaşdırılmış, çoxşaxəli xarici siyasəti Azərbaycanın Qərb ölkələri ilə münasibətlərini keyfiyyətcə yeni mərhələyə yüksəldib. Ölkəmiz hansısa güc mərkəzindən asılı siyasət yürütməyib, qarşıdurma xəttinin iştirakçısı olmaqdan qəti şəkildə yayınıb. Milli maraqlarını əsas götürərək, əməkdaşlığa açıq, öhdəliklərinə sadiq, proqnozlaşdırılan tərəfdaş imici formalaşdırıb. Avropa İttifaqı və NATO üzvü olan dövlətlərlə münasibətlərdə bu yanaşma aydın şəkildə özünü göstərir. Son illərdə bir sıra Qərb dövlətlərinin Azərbaycanla siyasi dialoqun intensivləşməsinə, iqtisadi və enerji sahəsində əməkdaşlığın genişlənməsinə artan marağı da məhz etibarlı tərəfdaşlıq modelindən qaynaqlanır.

Azərbaycanın əlverişli geosiyasi mövqeyi onun beynəlxalq əhəmiyyətini daha da artıran əsas amillərdəndir. Avrasiyanın əsas nəqliyyat-kommunikasiya qovşağında yerləşən ölkəmiz Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm körpü rolunu oynayır. Son illərdə ardıcıl şəkildə reallaşdırılan nəqliyyat və logistika layihələri Azərbaycanın yalnız enerji deyil, həm də yük daşımaları baxımından alternativsiz marşrutlardan biri olduğunu sübut edir. Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz, Zəngəzur Dəhlizi (TRIPP) və digər beynəlxalq layihələr regionun və daha geniş coğrafiyanın iqtisadi xəritəsini dəyişdirən təşəbbüslər kimi qiymətləndirilir.

Azərbaycanın Qərb üçün strateji əhəmiyyətini artıran əsas amil qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrlə şərtlənir. Son otuz ildə həyata keçirilmiş irimiqyaslı neft-qaz layihələri Azərbaycanı qlobal enerji bazarının mühüm iştirakçısına çevirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Cənub Qaz Dəhlizi və digər layihələr Avropanın enerji təchizatının şaxələndirilməsində həlledici rol oynayır. Enerji resurslarından geosiyasi təzyiq və sabotaj aləti kimi istifadə meyillərinin gücləndiyi bir dövrdə Azərbaycan etibarlı təchizatçısı olması ilə seçilir. Bazar qaydalarına hörmət, qiymət manipulyasiyalarından uzaq siyasət ölkəmizə olan etimadı möhkəmləndirir.

Prezident İlham Əliyevin bu günlərdə ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər deyilənləri təsdiq edir. Dövlət başçısının vurğuladığı kimi, hazırda ölkəmiz heç zaman görünmədiyi qədər mühüm strateji tərəfdaşa çevrilib. Bunun əyani təzahürü Azərbaycanın hazırda Avropa İttifaqının 10, NATO-nun 11 üzvü ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalamasıdır. Azərbaycanın Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər mühüm regionlarda da strateji tərəfdaşları mövcuddur.

Ölkəmizdə formalaşmış əlverişli investisiya mühiti də bu baxımdan xüsusi vurğulanmalıdır. Son iki onillikdə ölkəyə cəlb olunmuş 350 milyard dollar həcmində sərmayə Azərbaycanın iqtisadi siyasətinə olan yüksək etimadın göstəricisidir. Beynəlxalq şirkətlərin uzun illərdir ki, ölkədə uğurla fəaliyyət göstərməsi, imzalanmış sazişlərin dəyişməzliyi və hüquqi sabitlik Azərbaycanın biznes mühitinin əsas üstünlükləridir.

Bu strateji kursun məntiqi davamı kimi Bakıda fevralın 10-da imzalanmış “Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası” ikitərəfli münasibətlərin yeni mərhələyə keçdiyini rəsmiləşdirən mühüm siyasi sənəd kimi dəyərləndirilir. Sözügedən Xartiya tərəflər arasında əməkdaşlığın konkret mexanizmlərini, institusional çərçivələrini və prioritet istiqamətlərini müəyyən edən sistemli yol xəritəsidir. Sənəd siyasi dialoq, enerji təhlükəsizliyi, nəqliyyat və logistika, müdafiə və təhlükəsizlik, iqtisadiyyat, investisiyalar, innovasiyalar və yaşıl enerji kimi əsas sahələr üzrə qarşılıqlı fəaliyyət prinsiplərini təsbit edir.

Xartiyanın əsas üstünlüklərindən biri əməkdaşlığın davamlılığını və strateji xarakterini təmin etməsidir. Bu sənəd ABŞ-nin Azərbaycanın regional liderliyini və artan qlobal rolunu rəsmi şəkildə qəbul etdiyini, Bakının isə Vaşinqtonla münasibətləri qarşılıqlı hörmət və bərabər tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirməyə hazır olduğunu nümayiş etdirir.

Postmünaqişə dövründə Azərbaycanın Ermənistana münasibətdə nümayiş etdirdiyi konstruktiv mövqe də ölkəmizin regional liderlik iddiasını gücləndirir. Tranzit yüklərə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının tədarükünə başlanması rəsmi Bakının əməkdaşlığa və iqtisadi inteqrasiyaya açıq olduğunu göstərir. Bu addımlar eyni zamanda Cənubi Qafqazda uzunmüddətli sülh və sabitlik üçün real zəmin yaradır. Azərbaycanın təşəbbüsləri regionu qarşıdurma zonasından əməkdaşlıq məkanına çevirməyi hədəfləyən strateji baxışın tərkib hissəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, etimad illərlə qurulur və Azərbaycan bu etimadı sarsıdan addımlardan daim uzaq durub. Ölkəmiz əməkdaşlıq, qarşılıqlı fayda və sabitlik üzərində qurulan siyasəti ilə dünya üçün strateji əhəmiyyətini ildən-ilə artırır.

MTM Analitik Qrup