
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında baş tutan telefon danışığı sadəcə ikitərəfli diplomatik təmas kimi deyil, daha geniş regional və qlobal proseslərin fonunda baş verən strateji koordinasiya aktı kimi dəyərləndirilməlidir. Xüsusilə bu təmasın İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin Bakıya səfəri, eləcə də ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana gözlənilən səfəri ərəfəsində baş tutması, danışığa əlavə geosiyasi çəki qazandırır.
Telefon danışığında Azərbaycan-Türkiyə münasibətlərinin müttəfiqlik çərçivəsində müzakirə olunması təsadüfi deyil. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsindən sonra bu münasibətlər artıq klassik “strateji tərəfdaşlıq” mərhələsini aşaraq, siyasi, hərbi, təhlükəsizlik və diplomatik sahələrdə koordinasiyalı müttəfiqlik modelinə çevrilib. Xarici işlər nazirlərinin təması bu modelin canlı və işlək mexanizm olduğunu bir daha göstərir. Xüsusilə beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylərin müzakirəsi Bakı ilə Ankaranın regional məsələlərdə vahid mövqe formalaşdırmaq niyyətini ortaya qoyur. Bu, həm Türk Dövlətləri Təşkilatı, həm də İslam Əməkdaşlıq Təşkilatı, BMT və digər platformalarda özünü göstərən diplomatik sinxronluğun davamıdır.
Tərəflərin müzakirə etdiyi əsas mövzulardan biri regional təhlükəsizlik və Yaxın Şərqdəki vəziyyət olub. Hazırda Yaxın Şərqdə davam edən gərginlik – İsrail-Qəzza müharibəsi, İran ətrafında artan təzyiqlər, Qırmızı dənizdə təhlükəsizlik riskləri Türkiyə və Azərbaycanın yerləşdiyi geniş geosiyasi məkana birbaşa təsir edir. Bu baxımdan, Bakı ilə Ankaranın mövqelərinin uzlaşdırılması regional sabitliyin qorunması və mümkün risklərin qabaqlanması baxımından önəmli diplomatik addımdır. Azərbaycan balanslı və praqmatik xarici siyasət yürüdərək həm region ölkələri, həm də Qərb və İslam dünyası arasında körpü rolunu qorumağa çalışır. Türkiyə isə NATO üzvü olmaqla yanaşı, Yaxın Şərqdə fəal oyunçu kimi çıxış edir. Bu iki xəttin üst-üstə düşməsi tərəflərə manevr imkanlarını genişləndirir.
Telefon danışığında Azərbaycan-Ermənistan normallaşma prosesinin müzakirəsi Ankaranın bu prosesdəki rolunu bir daha gündəmə gətirir. Türkiyə açıq şəkildə bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi imzalanmadan Ankara-İrəvan normallaşması tam məna kəsb etməyəcək. Bu mövqe xarici işlər nazirlərinin təmasında da dolayı yolla təsdiqlənib. Azərbaycan üçün bu proses artıq postmünaqişə mərhələsində regional inteqrasiya və nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə sıx bağlıdır. Türkiyə isə bu prosesin həm Cənubi Qafqazda sabitlik, həm də Orta Dəhlizin funksionallığı baxımından strateji əhəmiyyətini anlayır.
Danışığın İran və ABŞ rəsmilərinin səfərləri çərçivəsində baş tutması xüsusilə diqqətəlayiqdir. İranın müdafiə nazirinin Bakıya səfəri Tehranın Azərbaycanla təhlükəsizlik və hərbi-siyasi dialoqu saxlamaq istədiyini göstərir. Digər tərəfdən, ABŞ vitse-prezidentinin Bakıya gözlənilən səfəri Vaşinqtonun regiona artan diqqətinin göstəricisidir. Bu kontekstdə Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin telefon danışığı regional balansın pozulmaması üçün öncədən aparılan siyasi məsləhətləşmə kimi də qəbul oluna bilər. Bakı açıq şəkildə göstərir ki, müxtəlif güc mərkəzləri ilə münasibətlərini Türkiyə ilə koordinasiya şəklində qurur və bu, Ankaranın regionda əsas siyasi dayaqlardan biri olaraq qalmasını təmin edir.
MTM Analitik Qrup
