
Tehran və Vaşinqton arasında Omanda baş tutan dialoq Yaxın Şərqdə yeni qanlı savaş ehtimalını xeyli dərəcədə aşağı salıb. 2025-ci ildə məlum 12 günlük müharibədən bəri ilk dəfə olaraq tərəflər arasında dialoq bərpa olunub. ABŞ tərəfi məsləhətləşmələrin nəticələrindən məmnun qalıb və İran rəhbərliyinin razılığa gəlməyə hazır olduğuna əminliyini bildirib. İran Prezidenti Məsud Pezeşkian ölkəsi ilə ABŞ arasında keçirilən son nüvə danışıqlarını irəliyə doğru irəliləyiş adlandırıb. O, müzakirələrin dost hökumətlərin səyləri nəticəsində baş tutduğunu qeyd edərək, dialoqun həmişə İranın problemlərin sülh yolu ilə həlli üçün seçdiyi strategiya olduğunu vurğulayıb.
Qeyd edilənlələr kontekstində İran xarici işlər naziri Abbas Əraqçi Azərbaycan və 6 region ölkəsinin bölgədə yaranmış gərginliyin aradan qaldırılması üçün səylərini yüksək qiymətləndirib, onların Tehran və Vaşinqton arasında danışıqları təşviq etmək yönündə rollarının önəmli olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir prezidentlərinin İran dövlət başçısı Məsud Pezeşkianla telefon danışıqlarının olduğunu xatırladıb: “Region ölkələrinin xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım olub və olacaq. Biz region ölkələrinin xoşməramlılığına və səmimi səylərinə hörmətlə yanaşırıq. Bu ölkələrin gərginliyin azaldılmasında, ekstremal tədbirlərin qarşısının alınmasında və tərəfləri danışıqlara təşviq etməkdəki rolları çox təsirli olub. Region dövlətlərinin danışıqları dəstəkləməsi çox yaxşıdır və biz region ölkələri ilə məsləhətləşmələri davam etdirəcəyik”.
Abbas Əraqçi region dövlətlərinin səylərinin İran-ABŞ danışıqlarında nəticə əldə edilməsində və əldə olunan razılaşmanın davamlılığında əhəmiyyətli rol oynaya biləcəyini vurğulayıb. Bütün bunlar Azərbaycan da daxil olmaqla adları çəkilən ölkələrin regionda sülhməramlı fəlaiyyətinin nə dərəcədə mühüm önəmə malik olduğunu bir daha ortaya qoyur. Lakin hadisələrin inkişaf axarı göstərir ki, yenə Azərbaycan və digər region ölkələrinin vasitəçi və sülhməramlı fəaliyyətlərinin davam etdirməsinə ehtiyac var. Belə ki, Tehran əsas məsələlərdə güzəştə getmək istəmir: uranın zənginləşdirilməsi, ballistik raket proqramı və İrana bağlı loyal qruplara yardım. Bu isə savaş ehtimalını yenə istisna etmir. Belə bir savaşın olması region ölkələrinin, o cümlədən də Azərbaycanın maraqlarına cavab vermədiyindən ölkəmzin vasitəçi və sülhməramlı səylərini davam etdirməsi gözləniləndir. Azərbaycanın ABŞ-İran münasibətlərinin tənzimlənməsində potensial vasitəçi və sülhməramlı aktor kimi çıxış etməsi həm regional sabitlik, həm də qlobal təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.
Onu da xatırlatmaq lazımdır ki, Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Əziz Nəsirzadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən, ölkəmizin bölgədə yaranmış vəziyyətdən narahatlığını ifadə edib. Dövlət başçısı hazırda dünyanın bir çox yerində müharibə və münaqişələrin davam etdiyini vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə Cənubi Qafqazda artıq sülhün bərqərar olduğunu deyib, bunun həm Azərbaycan, həm də Ermənistanla həmsərhəd olan İran üçün böyük əhəmiyyət daşıdığına əminliyini bildirib: “Biz istəyirik ki, bütün dünyada sülh olsun, qan tökülməsin, müharibələr olmasın”. Azərbaycan Prezidenti ölkəmizin timsalında müharibədən sülhə keçid modelinin nümayiş olunduğunu vurğulayıb və bildirib ki, İran Prezidenti ilə telefon danışığı zamanı qeyd etdiyi kimi Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır və bu gərginliyin aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.
O da bəlli həqiqətdir ki, ABŞ və İran arasındakı münasibətlər onilliklərdir, qarşıdurma, sanksiyalar, etimadsızlıq və geosiyasi rəqabət kontekstində formalaşıb. Nüvə proqramı, Yaxın Şərqdə təsir dairələri, enerji təhlükəsizliyi və ideoloji ziddiyyətlər bu münasibətləri daha da mürəkkəbləşdirir. Belə bir şəraitdə tərəflərlə eyni zamanda konstruktiv əlaqələrə malik olan, açıq qarşıdurmada yer almayan və balanslı xarici siyasət yürüdən dövlətlərin vasitəçilik imkanları ön plana çıxır. Azərbaycan məhz bu xüsusiyyətlərinə görə fərqlənir.
Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən biri balanslaşdırılmış və praqmatik yanaşmadır. Rəsmi Bakı həm ABŞ ilə strateji tərəfdaşlıq münasibətləri saxlayır, həm də İranla tarixi, dini, mədəni və coğrafi yaxınlıq əsasında əməkdaşlıq edir. ABŞ Azərbaycanı Cənubi Qafqazda mühüm tərəfdaş, enerji təhlükəsizliyinin təminində etibarlı ölkə və beynəlxalq antiterror təşəbbüslərinin iştirakçısı kimi qiymətləndirir. Eyni zamanda İran Azərbaycanı regionda sabitlik amili və qonşu dövlət kimi qəbul edir. Bu unikal mövqe Azərbaycanın etibarlı dialoq platforması rolunu oynaya bilməsinə imkan yaradır.
Azərbaycanın vasitəçilik potensialını artıran əsas amillərdən biri də onun beynəlxalq nüfuzudur. Son illər Bakı beynəlxalq tədbirlərin, forumların və danışıqların keçirildiyi məkana çevrilib. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan qlobal Cənubun maraqlarını müdafiə edən, dialoq və ədalətli beynəlxalq münasibətləri təşviq edən ölkə kimi tanınıb. Bu təcrübə Azərbaycanın müxtəlif tərəflər arasında etimad quruculuğunda uğurlu rol oynaya biləcəyini göstərir.
Bundan əlavə, Azərbaycanın enerji və nəqliyyat sahəsindəki strateji mövqeyi də ABŞ-İran münasibətlərinin yumşaldılması kontekstində əhəmiyyətlidir. Xəzər regionu, Orta Dəhliz və enerji marşrutları həm Vaşinqton, həm də Tehran üçün strateji maraq doğurur. Azərbaycan bu maraqların toqquşma deyil, əməkdaşlıq müstəvisində formalaşmasına töhfə verə biləcək regional aktordur. Enerji təhlükəsizliyi, alternativ marşrutlar və regional iqtisadi inteqrasiya məsələləri dialoq üçün əlavə imkanlar yaradır.
Azərbaycanın sülhməramlı rolunu gücləndirən digər mühüm faktor onun öz təcrübəsidir. Ölkə uzun illər münaqişə şəraitində yaşayıb, eyni zamanda beynəlxalq hüquqa və diplomatik həll yollarına sadiq qalıb. Postmünaqişə dövründə regionda sülh gündəliyinin təşviqi, kommunikasiya xətlərinin açılması və əməkdaşlıq çağırışları Azərbaycanın konstruktiv yanaşmasını nümayiş etdirir. Bu yanaşma ABŞ-İran münasibətlərində də tətbiq oluna biləcək model kimi qiymətləndirilir. Bundan əlavə, ölkəmiz neytral görüşlərin təşkili, humanitar və regional təhlükəsizlik məsələlərinin müzakirəsi üçün platforma təqdim edə, tərəflər arasında etimadın bərpasına töhfə verə bilər.
Beləliklə, balanslaşdırılmış xarici siyasət, hər iki tərəflə konstruktiv münasibətlər, beynəlxalq nüfuz və regional strateji mövqe Azərbaycanın vasitəçi və sülhməramlı səylərini uğurla yerinə yetirməsi üçün əsaslı zəmin yaradır. Buna ABŞ və İranın da ehtiyacı var. Çünki regionda hər hansı hərbi qarşıdurma bu ölkələrin özlərinin də böyük zərər görməsi deməkdir.
MTM Analitik Qrupu
