ÇXR-LƏ SIX ƏMƏKDAŞLIQ AZƏRBAYCANIN İQTİSADİ VƏ TEXNOLOJİ İNKİŞAFINA TÖHFƏ VERİR

Azərbaycanla Çin Xalq Respublikası arasında münasibətlər son illərdə bütün sahələri əhatə edən səmərəli tərəfdaşlıq modelinə çevrilib. Xüsusən də ötənilki intensiv siyasi təmaslar, imzalanan strateji sənədlər ikitərəfli münasibətlərin qarşılıqlı inam və etimad üzərində qurulduğunu göstərir. 2026-cı ildə bu dinamikanın daha da sürətlənəcəyi indidən qabarıq sezilir.

Yanvarın 8-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi bir daha göstərib ki, ikitərəfli münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur. Bu tədbir fonunda yaşıl enerjiyə keçidin və dayanıqlı inkişafın həm Çin, həm də Azərbaycan üçün prioritet olması təsdiqini tapıb. Qlobal iqlim dəyişiklikləri, enerji keçidi fonunda hər iki ölkə iqtisadi inkişafla ekoloji məsuliyyəti uzlaşdıran yeni modelə üstünlük verir. Bu kontekstdə iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunu xüsusi qeyd etmək lazımdır.

ÇXR yaşıl enerji, texnologiya və innovasiyalara xüsusi önəm verir. Bu ölkənin iqtisadiyyatı qlobal miqyasda dayanıqlı artım nümayiş etdirir və bunun əsas dayaqlarından biri texnologi tərəqqidir. Çinin texnoloji inkişafının inklüziv xarakter daşıması, tərəfdaş ölkələr üçün açıq olması Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar açır. Ümumilikdə, Çin və Azərbaycan bu gün qarşılıqlı etimada əsaslanan etibarlı tərəfdaşlardır.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerjinin inkişafında fəal iştirak edirlər və onlar bu sahədə strateji tərəfdaş kimi seçilib. Bunun əsas səbəblərindən biri də Çin şirkətlərinin yüksək peşəkarlığı, keyfiyyətli işi, layihələri qısa müddətdə həyata keçirmələridir. Azərbaycanda reallaşdırılan iri külək elektrik stansiyası layihəsi bu əməkdaşlığın real nəticəsidir.

Xüsusi qeyd etmək laızmdır ki, dövlət başçısı İlham Əliyevin 2025-ci ildə bu ölkəyə iki dəfə səfər etməsi, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə “Hərtərəfli strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalanması münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Qısa zaman kəsiyində münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi də iki ölkənin rəhbərliyinin əməkdaşlığa olan ciddi marağını və güclü siyasi iradəsini çıq şəkildə ortaya qoyur.

Bu siyasi iradə praktik əməkdaşlıqda özünü aydın şəkildə göstərir. Hazırda ikitərəfli iqtisadi-ticari əlaqələr rekord səviyyəyə yüksəlib və 4 milyard dolları ötüb. İl ərzində əmtəə dövriyyəsinin 20 faiz artımı da Azərbaycanın xarici ticarət əlaqələri tarixində görünməmiş rəqəmdir. İkitərəfli hüquqi-siyasi sazişlər qarşılıqlı əmtəə dövriyyəsi ilə yanaşı, sərmayə qoyuluşlarını da stimullaşdırır: infrastruktur, yaşıl enerji, rəqəmsal innovasiyalar, maşınqayırma sahələrində Çin investisiyalarının artması bunun bariz nümunəsi kimi qeyd oluna bilər.

2015-ci ilin dekabrında iki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” təkcə iki ölkənin deyil, Böyük İpək Yolu üzərində yerləşən bütün dövlətlərin mənafelərinə cavab verən mühüm razılaşmadır. Prezident İlham Əliyev ÇXR Sədrinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini, bu layihənin Azərbaycanla Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq baxımından müstəsna əhəmiyyətini dəfələrlə bəyan edib.

İkitərəfli əlaqələrin inkişafına təkan verən digər vacib məqam Azərbaycanın Xəzər hövzəsində iri enerji ixracatçısı və ticarət tərəfdaşı olması ilə şərtlənir. İqtisadiyyatı sürətlə inkişaf edən Çin alternativ təchizatçılar axtarışındadır və bu baxımdan Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verir. Bundan əlavə, Azərbaycan gələcəkdə təkcə Mərkəzi Asiya ölkələrinin deyil, Çinin istehsalı etdiyi böyük həcmdə ekoloji təmiz enerjinin Avropaya ixracı üçün əlverişli tranzit ölkəyə çevrilmək iddiasındadır.

Nəqliyyat sektorunda əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır. ÇXR Mərkəzi Asiya üzərindən Xəzər dənizinə çıxışı təmin edən dəmir yolu layihələrinə milyardlarla dollar sərmayə qoyur. Bu isə yük axınlarının gələcəkdə Azərbaycan üzərindən keçəcəyini deməyə əsas verir. Orta Dəhlizin tam işlək vəziyyətə gəlməsi də Çin-Avropa ticarətində Azərbaycanın rolunu artırır. Zəngəzur dəhlizi – TRIPP layihəsi gələcəkdə bu prosesdə əlavə alternativ marşrut kimi çıxış edərək, beynəlxalq tranziti gücləndirəcək.

Əməkdaşlığın yeni və mühüm istiqamətlərindən biri də hərbi-texniki sahədir. Bu sahədə atılan addımlar yüksək səviyyəli siyasi razılaşmaların nəticəsidir. Hərbi-texniki əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət daşımaqla, uzunmüddətli perspektivdə Azərbaycanın müdafiə sənayesinin inkişafına ciddi töhfə verəcək.

Bütün bunlar Azərbaycan-Çin münasibətlərinin ciddi inkişaf potensialına malik olduğunu göstərir. Cari ildə bu əməkdaşlığın daha da dərinləşməsi, yeni layihələrin reallaşması, tərəfdaşlığın konkret nəticələrinin artması gözlənilir.

MTM Analitik Qrup