BEYNƏLXALQ REYTİNQ AGENTLİKLƏRİ ÖLKƏDƏKİ İNKİŞAF POTENSİALINI YÜKSƏK DƏYƏRLƏNDİRİR

Müharibə və geosiyasi gərginliklərin dünya iqtisadiyyatına mənfi təsirlərinə baxmayaraq, bir sıra beynəlxalq maliyyə qurumları Azərbaycanın kredit reytinqlərini qənaətbəxş qiymətləndirirlər. Ölkəmizin iqtisadi artım tempi ilə bağlı açıqlanan bu nikbin proqnozlar qeyri-neft sektorunun inkişafını önə çəkən iqtisadi siyasətin səmərəli nəticələrindən xəbər verir. Bu hesabatlar həm xarici investorlar, həm də yerli iş adamları üçün mühüm mənbədir. Onlar bu rəylərə əsaslanaraq, Azərbaycanda biznes qurmaq və ya yatırımlar etmək barədə daha inamlı qərarlar qəbul edirlər.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin hesabatı ölkəmizin yaxın illərdə sabit iqtisadi artım göstərəcəyindən xəbər verir. Agentlik 2025-ci il üzrə ölkədə ÜDM artımını 1,8 faiz, 2026-cı ildə 1,7 faiz, 2027-ci ildə 2 faiz, 2028-ci ildə isə 2,1 səviyyəsində proqnozlaşdırıb. Bundan əlavə, agentlik Azərbaycanın milli və xarici valyutada öhdəlikləri üzrə uzunmüddətli və qısamüddətli kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnoz “stabil”dən “müsbət”ə dəyişdirilib.

Proqnoza əsasən, qarşıdakı üç ildə ölkə iqtisadiyyatının orta illik artım tempi 1,9 faiz təşkil edəcək. Bu isə ölkə iqtisadiyyatı üzrə əsas sahələrin dayanıqlılığını və inkişafın davam etdiyini göstərir. Eyni zamanda, 2028-ci ildə nominal ÜDM-in bu izrə gözlənilən 130,4 milyard manatdan 152,3 milyard manata yüksələcəyi gölənilir. Bu müsbət dinamika ölkədə iqtisadi fəallığın tədricən yüksəldiyini, istehsalın genişləndiyini və müxtəlif sahələrdə gəlirlərin artdığını deməyə əsas verir.

Ümumiyyətlə, müxtəlif reytinq agentliklərinin hesabatlarında ölkəmizdə qeyri-neft sektorunun unkişafına göstərilən diqqət xüsusi vurğulanır. Qarşıdakı illərdə ölkənin büdcə gəlirlərinin daha böyük qisminin məhz qeyri-neft sahələrindən formalaşdırılması hədəflənir. Ümumilikdə, 2019-2024-cü illərdə Azərbaycanın illik qeyri-neft-qaz ixracının dəyəri iki dəfə artaraq 3,4 milyard ABŞ dolları təşkil edib, 2022-ci ildən etibarən isə xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. 2018-ci ilin faktiki göstəricisi ilə müqayisədə 2025-ci ilin təsdiq edilmiş dövlət büdcəsinin gəlirləri 1,7 dəfə, o cümlədən qeyri-neft-qaz gəlirləri 2,2 dəfə artıb.

Qeyri-neft-qaz gəlirlərinin büdcədədəki payı 2018-ci ildəki 40 faizdən 2025-ci ilin təsdiq edilmiş büdcəsində 52 faizə yüksəlib. 2026-cı ilin dövlət büdcəsinin gəlirlərinin isə 57,4 faizinin məhz qeyri-neft-qaz sektoru hesabına təmini nəzərdə tutulur. Bu, əvvəlki illərlə müqayisədə daha yüksək göstərici olmaqla, neft gəlirlərindən asılılığın azaldılması istıqamətində yürüdülən siyasətin konkret nəticələrindən xəbər verir.

Gələn il xərclərin 88,1 faizinin qeyri-neft gəlirləri hesabına ödənilməsi nəzərdə tutulur ki, bu da fiskal dayanıqlığın gücləndiyini nümayiş etdirir. Paralel olaraq Dövlət Neft Fondundan büdcəyə transfertlərin həcminin azaldılması da müsbət göstərici kimi xarakterizə oluna bilər. Əgər 2025-ci ildə transfert 14,4 milyard manat idisə, 2026-cı ildə bu rəqəm 12,8 milyard manata enəcək. Bu azalma dövlət büdcəsinin neft gəlirlərindən daha az asılı olmasını, büdcə dayanıqlığının güclənməsini təmin edir.

Qeyri-neft sektorunun inkişafında sahibkarlığın rolunun xüsusi qyed etmək laızmdır. Son illərdə iş adamlarının fəaliyyətinə mane olan bir çox problem aradan qaldırılıb, dövlət-sahibkar münasibətləri yeni səviyyəyə yüksəlib. Sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınması, yoxlamaların şəffaflaşdırılması, biznes qurmaq üçün prosedurların sadələşdirilməsi iş adamlarına əlavə imkanlar yaradıb. İxrac sahəsində yüngülləşdirilmiş qaydalar və yeni dəstək mexanizmləri tətbiq olunur ki, bu da yerli istehsalçıların xarici bazarlara çıxışını asanlaşdırır. Sahibkarlığın inkişafı həm məşğulluğun yüksəlməsinə, həm də regionlarda iqtisadi fəallığın artmasına ciddi təsir göstərir.

E-hökumət xidmətlərinin tətbiqi son illərdə biznes mühitinin şəffaflaşmasına böyük töhfə verib. Elektron xidmətlərin genişləndirilməsi iş adamlarının dövlət qurumları ilə təmasını asanlaşdırır, bürokratiyanı azaldır və vaxt itkisinin qarşısını alır. Bu innovativ modellər korrupsiya hallarının azalmasına müsbət təsir göstərir və ümumi iqtisadi mühitin sağlamlaşmasına xidmət edir.

Dövlətin həyata keçirdiyi böyük infrastruktur layihələri sahibkarlığın inkişafı üçün əlverişli zəmin yaradır. Yol tikintisi, su və elektrik təchizatının yaxşılaşdırılması, qazlaşdırmanın genişləndirilməsi, kommunal xidmətlərə çıxışın asanlaşdırılması özəl sektor üçün ciddi dəstəkdir. Bu layihələr regionlarda yeni istehsal sahələrinin açılmasına, kənd təsərrüfatı və sənaye fəaliyyətinin genişlənməsinə şərait yaradır. İnfrastrukturun yaxşılaşması həm də xarici sərmayədarlar üçün ölkənin cəlbediciliyini artırır.

S&P və digər beynəlxalq agentliklər Azərbaycanın gələcək inkişafında yaşıl enerji layihələrinin mühüm rol oynayacağını qeyd edirlər. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən günəş və külək enerjisi layihələri ölkənin enerji xəritəsində yeni mərhələ yaradır. Bu, həm daxili enerji tələbatının daha səmərəli qarşılanmasına, həm də gələcəkdə yaşıl enerji ixracının genişlənməsinə imkan verir. Ölkəmizin mühüm tranzit qovşağı kimi rolunun artması da iqtisadi reytinqlərə müsbət təsir edən amillər sırasındadır.

Bütün bunlar göstərir ki, Azərbaycanın iqtisadiyyatı tədricən daha sabit, şaxələndirilmiş və xarici təsirlərə dözümlü hala gəlir. Beynəlxalq reytinq agentliklərinin müsbət proqnozları gələcək inkişaf üçün də əlavə stimul kimi çıxış edir.

MTM Analitik Qrup