ALMANİYA AZƏRBAYCANIN ƏDALƏTLİ SÜLH GÜNDƏLİYİNİ REGİONDA SABİTLİYİN TƏMİNATI HESAB EDİR

Coğrafi və geoiqtisadi mövqeyi, zəngin təbii ehtiyatları ilə regionda seçilən respublikamız Avropanın aparıcı ölkələrinin, o cümlədən Almaniyanın strateji maraq dairəsindədir. Tərəfdaş ölkənin Kansleri Fridrix Mertsin Prezident İlham Əliyevə telefon zəngi və aparılan müzakirələr bir daha təsdiq edir ki, Almaniya və Azərbaycan arasında münasibətlər Cənubi Qafqazda və Avropa miqyasında dəyişən siyasi vəziyyət fonunda yeni məzmun kəsb edir.

Telefon söhbəti zamanı Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində aparılan danışıqlarda irəliləyişin olması münasibətilə dövlət başçısını təbrik edib, Almaniyanın regionda sabitliyi dəstəklədiyini vurğulayıb. Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın bölgədə sülhün əsas təşəbbüskarı kimi bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcəyini bildirib. Telefon danışığı yalnız sülh mövzusu ilə məhdudlaşmayıb – tərəflər ikitərəfli münasibətlərin gələcək inkişafı barədə də fikir mübadiləsi aparıblar.

Dövlət başçıları qarşılıqlı olaraq biri-birinin rəsmi səfərlə bağlı dəvətlərini də qəbul ediblər. Bu qarşılıqlı jest iki ölkənin münasibətlərin inkişafında və yüksək səviyyəli siyasi dialoqu davam etdirməkdə maraqlı olduğunu göstərir. Hər iki liderin əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bəyan etməsi münasibətlərin ardıcıl şəkildə inkişafına yeni təkan verir.

İkitərəfli əlaqələrə mühüm təsir edən amillərdən biri də Almaniyanın Cənubi Qafqazda formalaşan yeni siyasi reallıqları birmənalı qəbul etməsidir. Rəsmi Berlin Qarabağın Azərbaycanın ərazisi olduğunu hər zaman bəyan edib və bu mövqeyini bu gün də davam etdirir. Bu ədalətli yanaşma postmünaqişə dövründə Azərbaycana qarşı obyektiv münasibətin möhkəmlənməsinə öz təsirini göstərib. Yeni geosiyasi şəraitdə Almaniyanın sülh prosesinə dəstək verməsi Bakıda müsbət qarşılanır. Almaniya bölgədə sabitliyin uzunmüddətli olmasını Avropanın təhlükəsizliyinin bir hissəsi kimi görür və bu baxımdan Azərbaycanın atdığı addımları yüksək dəyərləndirir.

Ümumiyyətlə, Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi uzun müddətdir ki, Bakının Avropadakı mühüm strateji tərəfdaşlarından sayılır. Prezident İlham Əliyevin bu ölkəyə 15 dəfəyə yaxın işgüzar səfər etməsi, habelə ötən illərdə imzalanmış 80-dək sənəd ikitərəfli əməkdaşlığın hüquqi bazasını formalaşdırıb. Ölkəmizin Avropanın enerji təminatında rolunun və imkanlarının genişlənməsi Almaniyanın bu əməkdaşlığa marağının daha da güclənməsinə səbəb olur. Lakin iki ölkə arasında münasibətlər, sadəcə, enerji və iqtisadi əlaqələrlə məhdudlaşmayıb, siyasi dialoq, regional məsələlər, sülh təşəbbüsləri, təhlükəsizlik, nəqliyyat və texnologiya sahələrini əhatə edir.

Son illərdə alternativ enerji sahəsində əməkdaşlıq xüsusilə ön plana çıxıb. Azərbaycanın külək və günəş enerjisi potensialı, Avropanın isə yaşıl enerjiyə keçid siyasəti bu sahədə geniş imkanlar açır. Almaniya şirkətlərinin uzun illik təcrübəsi, Azərbaycanın isə yeni layihələrə açıq olması bu sahədə əməkdaşlıq üçün yaxşı perspektivlər yaradır.

İkitərəfli iqtisadi münasibətlərin genişlənməsində işgüzar dairələrin fəaliyyəti də mühüm rol oynayır. Alman-Azərbaycan Ticarət Palatası, müxtəlif işçi qrupları və uzun illərdir ki, davam edən biznes forumları iki ölkə arasında sərmayə mühitini daha da əlverişli edir. Almaniya şirkətləri Azərbaycanın sənaye, nəqliyyat, logistika və rəqəmsallaşma layihələrində iştirak etməklə bu əməkdaşlığı real nəticələrə çevirir. Azərbaycanın xarici investisiyalar üçün sabit və açıq mühitə malik olması yeni layihələrin yaranmasını stimullaşdırır. Bunun nəticəsidir ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 237 milyon dollar təşkil edib.

Siyasi əlaqələrin inkişafında beynəlxalq platformalarda aparılan dialoqlar da mühüm əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin mütəmadi olaraq Münxen Təhlükəsizlik Konfransında iştirakı, burada Almaniya və digər Avropa liderləri ilə sıx görüşləri ikitərəfli münasibətlərin gündəliyini zənginləşdirir. Münxen Təhlükəsizlik Konfransının ölkəmiz üçün daha bir mühüm önəmi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, eləcə də yeni əməkdaşlıq münasibətlərinin qurulması, mövcud əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində əldə olunan nəticələrdir. Bu görüşlər təkcə siyasi məsələləri deyil, həm də iqtisadi və texnoloji əməkdaşlıq imkanlarını müzakirə etməyə şərait yaradır. Azərbaycanın nəqliyyat qovşağı kimi artan rolu, yeni dəhlizlər və tranzit imkanları Almaniyanın diqqətindədir.

Son telefon danışığında əldə olunan qarşılıqlı səfərlə bağlı razılaşmalar Almaniya-Azərbaycan münasibətlərinin yaxın gələcəkdə daha aktiv mərhələyə keçəcəyini göstərir. Hər iki ölkə bu münasibətlərin daha möhkəm əsas üzərində qurulmasında maraqlıdır.

MTM Analitik Qrup