AZƏRBAYCAN–BÖYÜK BRİTANİYA ARASINDA HƏRBİ MÜSTƏVİDƏ DƏ ƏMƏKDAŞLIĞIN YENİ MƏRHƏSLƏSİ BAŞLANIR

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın beynəlxalq müstəvidə hərbi əməkdaşlıq əlaqələrində də artıq yeni bir mərhələ başlanıb. İndi ölkəmizlə sözügedən sferada münasibətlər quran dövlətlərin sayı artır və onlar ən müxtəlif coğrafiyaları əhatə edir. Elə ölkəmizdə keçirilən sonuncu hərbi paradda nümayiş etdirilən silahlar kontekstində bunu bir daha görmək mümkündür. Daha bir mühüm nüans odur ki, son illərə qədər Azərbaycanla hərbi əməkdaşlığa məhdudiyyətlər tətbiq edən Qərb ölkələrinin də mövqeyində kəskin dəyişikliklər qeydə alınır. Onların hərbi əməkdaşlığa maneə olaraq göstərdiyi Azərbaycan-Ermənistan münaqişəsi aradan qalxdığından indi bu istiqamətdə də əlaqələr yüksəliş dövrünü yaşayır.

O da xüsusi vurğulanmalıdır ki, Azərbaycanla Qərb ölkələri arasında hərbi əməkdaşlığın inkişafı müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, regional sabitlik və geosiyasi balans baxımından da xüsusi əhəmiyyət kəsb edir. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakerin ölkəmizə səfəri, aparılan müzakirələr bunun konkret təzahürlərindən biri hesab edilə bilər. Səfəri çərçivəsində nazir Prezident İlham Əliyev tərəfindən qəbul edilib. Qonaq  ölkələrimiz arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrimizin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. İkitərəfli münasibətlərimizin zəngin tarixinin olduğunu deyən Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Dövlət başçısı hazırda ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına toxunaraq, bunu qarşılıqlı etimadın göstəricisi kimi qiymətləndirib.

Lord Vernon Koaker  müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə ikitərəfli görüşlər keçirib,  Böyük Britaniya–Azərbaycan müdafiə və təhlükəsizlik tərəfdaşlığının inkişafı üçün əlavə imkanları araşdırıb. Britaniyanın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bu kontekstdə deyilir ki, Lord Vernon Koakerin Bakıya səfəri ölkələr arasında müdafiə tərəfdaşlığını gücləndirmək məqsədilə baş tutduğunu açıqlayıb. 

Aparılan təhlillər göstərir ki, Londonun Cənubi Qafqaz bölgəsinə marağı, Azərbaycanın enerji, nəqliyyat  və digər parametrlər baxımından strateji mövqeyi, həmçinin beynəlxalq təhlükəsizlik mexanizmlərində artan rolu ölkələrimiz arasında  əməkdaşlığın dərinləşməsi üçün indi daha əlverişli kontekst yaradıb. Xatırlatmaq lazım gəlir ki, Böyük Britaniya Xəzər dənizində enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın əsas tərəfdaşlarından biridir. BP-nin ölkədə böyük enerji layihələrində iştirakı, Bakı–Tiflis–Ceyhan və digər boru kəmərlərinin həm iqtisadi, həm də strateji əhəmiyyəti London üçün də  bu regionda sabitlik və təhlükəsizlik məsələlərinə daim vacib prizamdan yanaşmaq zərurəti yaradır. Bu kontekstdə dəniz təhlükəsizliyi, sahil mühafizəsinin modernləşdirilməsi və enerji infrastrukturlarının fiziki və kiber müdafiəsi iki ölkə arasında hərbi əməkdaşlığın mühüm hissəsini təşkil edir.

Kibertəhlükəsizlik sahəsi də son illərdə əməkdaşlığın önəmli istiqamətlərindən birinə çevrilib.  Böyük Britaniya dünyada kibermüdafiə sahəsində ən inkişaf etmiş dövlətlərdən biri kimi Azərbaycana bu istiqamətdə müasir texnoloji həllər və təcrübə təklif edə bilər. Dövlət qurumlarının rəqəmsal təhlükəsizliyinin artırılması, kritik enerji strukturlarının kibermüdafiəsi və informasiya təhlükəsizliyi üzrə birgə layihələr bu münasibətlərin dərinləşməsinə xidmət edir. Azərbaycan və Britaniya arasında sülhməramlı missiyalar sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. İkitərəfli münasibətlərin əsas istiqamətlərin  dən biri Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması prosesində Böyük Britaniyanın verdiyi dəstəkdir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq potensialından da istifadə artıq prioritetdir.  Britaniyanın müdafiə sənayesi şirkətlərinin Azərbaycanın modernləşmə ehtiyaclarına marağı artır, xüsusilə rabitə sistemləri, müşahidə texnologiyaları, kəşfiyyat avadanlıqları və pilotsuz uçuş aparatlarının istehsalı sahəsində əməkdaşlıq imkanlarının genişlənməsi gözlənilir. Lord Vernon Koakerin səfəri, əldə edilən razılıqlar bu prosesin daha intensiv xaraket almasını şərtləndirəcək. Şübhəsiz ki,  dərinləşən əməkdaşlıq Azərbaycanın müdafiə sənayesinin inkişafına, müasir texnologiyaların tətbiqinə və ordunun texniki təminatının daha da yaxşılaşdırılmasına yeni töhfələr verəcək. Azərbaycan hərb sənayesinin Böyük Britaniya ilə əməkdaşlıq sayəsində yeni məhsullarla ordumuzu təmin edəcəyi, ixrac potensialını daha da genişləndirəcəyi proqnozlaşdırılır.

O da faktdır ki, geosiyasi müstəvidə Azərbaycan–Britaniya hərbi əməkdaşlığı regionda dəyişən təhlükəsizlik balansı fonunda da böyük əhəmiyyətə malikdir. Cənubi Qafqazda baş verən siyasi, iqtisadi və hərbi proseslər, Azərbaycan-Ermənistanla münasibətlərinin normallaşması, Qarabağ münaqişəsinin həllindən sonra regionda təhlükəsizlik arxitekturasının yenidən formalaşması kimi məsələlər Londonda da diqqətlə izlənilir. Britaniya Azərbaycanın regionda sülh və sabitlik təşəbbüslərini dəstəkləyir. Təbii olaraq, tərəflər arasında siyasi dialoq dərinləşdikcə hərbi əməkdaşlığın da genişlənməsi qaçılmaz prosesə çevrilir. Ümumiyyətlə, Azərbaycan–Britaniya arasında hərbi əməkdaşlıq qarşılıqlı maraqlara, regional sabitliyə və beynəlxalq təhlükəsizlik təşəbbüslərinə əsaslanan strateji tərəfdaşlıq modelidir. Qarşıdakı dövrdə qarşılıqlı tərəfdaşlığın daha da dərinləşməsi gözlənilir ki, bu da hər iki ölkənin marağına cavab verir.

MTM Analitik Qrup