
Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə dekabrın 5-dən 11-dək paytaxtımızda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” keçiriləcək. Festival çərçivəsində təxminən 5000-dən çox ziyarətçinin iştirakı gözlənilir.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.
Azərbaycanın ilk dəfə ev sahibliyi edəcəyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirəcək.
Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin — tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.
Tədbir təqribən 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertlərini özündə cəmləşdirəcək. Bu isə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir.
Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.
