GÜNÜN AKTUAL MÖVZULARI – TOP 5

Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:

1. Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin görüşü

ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Ceyhun Bayramov və Hakan Fidan arasında görüş keçirilib. Tərəflər strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafını, bölgədə təhlükəsizlik vəziyyətini və regional sülhün təmininə yönəlik addımları müzakirə ediblər.

2. Avropa İttifaqının sülh prosesinə dəstəyi

Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının 6-cı iclasında Avropa İttifaqı Ermənistan-Azərbaycan arasında davam edən sülh quruculuğu prosesinə dəstək ifadə edib və regionda sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb.

3. Nikol Paşinyan keçmiş rəhbərləri rəqib saymır

Ermənistanın Baş naziri Nikol Paşinyan keçmiş hakimiyyətlər barədə danışmağın artıq əhəmiyyət kəsb etmədiyini bildirib. O, Qarabağ məsələsinə dair hökumətin təqdim etdiyi paketdən sonra keçmiş liderləri rəqib hesab etmədiyini vurğulayıb.

4. Tramp Putin-Uitkoff görüşündən razıdır

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinin başlamamalı olduğunu bir daha qeyd edib. O, Vladimir Putinin Cared Kuşner və Stiv Uitkoffla keçirdiyi görüşün müsbət keçdiyini bildirsə də, nəticə barədə fikir yürütməyin hələ tez olduğunu deyib.

5. Rusiya-NATO Şurası ləğv edildi

NATO-nun baş katibi Mark Rutte və Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiya-NATO Şurasının artıq mövcud olmadığını açıqlayıblar. Bununla bağlı həm Şuranın, həm də Rusiya-NATO Təsis Aktının qüvvədən düşdüyü bildirilib.